Növ: C. wagneri (Xəzər minoqası - İlanbalıq)

CASPIOMYZON  WAGNERI  KESSLER, 1870 - XƏZƏR MİNOQASI (İLANBALIQ) - КАСПИЙСКАЯ МИНОГА, CASPIAN LAMPREY

Xəzər dənizi hövzəsinin endemiki və minoqalar dəstəsinin Azərbaycan faunasına aid olan yeganə nümayəndəsidir. Xəzər ilanbalığı keçici həyat tərzinə malikdir. Həyatının çox hissəsini Xəzər dənizində keçirir, 5-6 yaşında yetkinləşir, sentyabrın axırından dekabrın ortalarına qədər kürü tökmək üçün çaylara daxil olur. Kürüləmə mart-may aylarında baş verir. Erkək fərd çayın dibində çuxur qazır və dişi fərd kürüsünü buraya qoyduqdan sonra onun üzərinə sperma tökərək mayalayır, bundan sonra kürü çay dibinə yapışır. İlanbalıqlar həyatlarında bir dəfə kürü tökür və kürülədikdən sonra ölürlər. Mayalanmadan 9-11 gün sonra kürünün içərisindən yetkin fərddən çox fərqli olan sürfə çıxır, elmi ədəbiyyatda o, qumeşən adlanır. Sürfə 3-4 il şirin suda yaşayıb metamorfoz keçirir və sonra üzüb dənizə gedir.

Yetkin ilanbalığın qidalanması öyrənilməmişdir. Güman edilir ki, o, detritlə qidalanır, bəzi fərdlərin həzm sistemində yosunlar tapılmışdır. Bu heyvanın Corynosoma caspicum başıtikanlısı ilə yoluxması, həmin parazitin aralıq sahibi olan Pontoporeia affinis yanüzən xərçəngi ilə qidalandığını göstərir. Çoxalmaq üçün çaylara miqrasiya edən fərdlər qidalanmır.

Xəzər ilanbalığının əti yüksək dad keyfiyyətlərinə malikdir (tərkibində 31-34% yağ olur) və keçən əsrin ortalarına qədər o uzun müddət mühüm balıq ovu obyekti olmuşdur. Hazırda onun təbii ehtiyatları xeyli azaldığından vətəgə əhəmiyyəti çox azdır.