Sinif: Cyclostomata (Dəyirmiağızlılar)

CLASSIS: CYCLOSTOMATA DUMERIL, 1806 - DƏYİRMİAĞIZLILAR

Dəyirmiağızlılar sinfinə mənsub olan heyvanlar xordalılar  (Chordata) tipinin, onurğalılar (Vertebrata) yarımtipinin,  çənəsizlər (Agnatha) qrupunun balığabənzər nümayəndələrini əhatə edir. Dənizlərdə və şirin su hövzələrində yaşayan ən primitiv xordalı heyvanlardır. Onların ske­letlərinin tərkibində sümük toxuması olmur, ömürlərinin axırına kimi xordaya malik olurlar. Dəyirmiağızlılarda balıqlara xas olan cüt üzgəc və çənə olmur. Ağız dəyirmi formadadır, adı da buradan götürülmüşdür. Qəlsəmələri entodermal mənşəli olub kisəvari quruluşa malikdir. Digər onurğalı heyvanlardan fərqli olaraq eşitmə orqanında (daxili qulaqda) 2 yarımdairəvi kanal vardır.

Çənəsizlər çox qədimi onurğalı heyvan qrupu olub nümayəndələri müxtəlif geoloji dövrələrdə görə çoxsaylı və çoxçeşidli nümayəndələrə (onların bəzilərində sümük qalxan da olmuşdur) malik olmuş və onların çoxunun nəsli ayrı-ayrı geoloji dövrlərdə tamamilə kəsilmişdir. Hazırda yalnız minoqa və miksinlər adlandırılan qrupların nümayəndələrinə rast gəlinir. Onları da zooloqlarımız bir sinifdə - Dəyirmiağızlılar (Cephalas- pidimorphi) sinifində cəmləşdirirlər.

Minoqalar və miksinlər xarici görünüşcə biri-birilərinə oxşar ol­salar da daxili quruluşlarına görə biri-birindən xeyli uzaqdırlar - onlar sürünən heyvanlarla uçan quşlar kimi bir-birindən fərqlidirlər. Ona görə də çox vaxt elmi ədəbiyyatlarda onları ayrı-ayrı sinfin nümayəndəsi kimi qeyd edir və tədqiq edirlər. Burada biz onları yarımsinif kimi təqdim edirik.

Dəyirmiağızlıların əksəriyyəti angvil balığı kimi çılpaq və selik­li bədənə malik olub sorucu ağız aparatına sahibdirlər. Buynuz maddə­dən ibarət olan dişlər ağız boşluğunun divarlarında səpələnmiş haldadır. Onun ağız boşluğunda həmçinin qığırdaq əsaslı və üzəri dişicikli dili var. Dil vintvari hərəkətli olub deşmək qabiliyyətinə malikdir. Kisəva- ri formalı qəlsəmələrin skeleti bəzəkli barmaqlıq quruluşundadır. Digər onurğalılardan fərqli olaraq bir burun dəliyi var.

Hazırda dəyirmiağızlıları 2 yarımsinifə - minoqalar (Petromyzo- nes) və miksinlər (Mixini) ayırırlar. Miksinlər əsil dəniz və okean hey­vanlarıdır. Onların nümayəndələrinə ölkə sularında rast gəlinmir. Plane­tin şimal və cənub yarımkürələrinin mülayim qurşaqlarında yerləşən su hövzələrində minoqaların 40-a qədər növü qeydə alınmışdır. Xəzər mi- noqası və ya Xəzər ilanbalığı adlandırılan növ (Caspiomyzon wagneri) Xəzər dənizi hövzəsinin endemiki və minoqalar qrupunun Azərbaycan faunasına aid edilən yeganə nümayəndəsidir.