XƏBƏRLƏR
1896 Arxiv

2020.11.12

Zoologiya İnstitutunda Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir keçirilib

Bu gün AMEA-nın Zoologiya İnstitutunda şanlı Azərbaycan ordusunun tarixi qələbəsinə həsr olunan tədbir keçirilib. Zoom platforması üzərindən virtual formatda keçirilən iclası giriş sözü ilə açan AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov 30 ilə yaxın həsrətin böyük qələbə ilə başa çatması münasibətilə əməkdaşları təbrik edib. Alim, şanlı ordumuzun qısa müddət ərzində işğal altında olan torpaqlarımızın necə düşmən tapdağından azad edilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq digər işğal altında olan torpaqlarımızın sülh yolu ilə qaytarılmasından bəhs edib. “Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində mənfur düşmən üzərində zəfər çalınaraq Azərbaycanın ərazi bütövlüyünü tam təmin edildi, torpaq həsrətinə son qoyuldu. 44 gün davam edən Qarabağ müharibəsi nəticəsində canından keçən igid oğullarımızın ruhu qarşısında baş əyir, şəhid analarının əllərindən öpür, yaralılarımıza şəfa diləyirik. Adlarını tarixə şəhid kimi yazdıran bu cür mərd Vətən oğullarını daim anacaq, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın xatirəsi yaddaşlardan silinməyəcək” deyə Elşad Əhmədov vurğulayıb.

Tədbirdə həmçinin biologiya elmləri doktoru, professor Şaiq İbrahimov, institutun Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov, Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Şükür Quliyev, Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova və başqaları çıxış edərək bu sevincli gün münasibəti ilə Ali Baş Komandanımızı və xalqımızı təbrik ediblər. Əməkdaşlar müzəffər ordumuzun cəbhədə qazandığı uğurlardan, parlaq qələbəyə imza atan Prezident cənab İlham Əliyevin qabaqcıl siyasətindən danışıblar. Onlar zəngin flora və fauna müxtəlifliyinə malik olan Dağlıq Qarabağın uzun illər ərzində yağı düşmən tərəfindən yarasız hala salınması, ətraf mühitin çirkləndirilməsi, təbii sərvətlərin talanması, tarixi abidələrimizin dünyaya erməni maddi tarixi-mədəniyyət nümunəsi kimi təqdim edilərək tarixi saxtalaşdırmasından bəhs ediblər.

AMEA Zoologiya İnstitutu kollektivi olaraq bu böyük qələbədə Ali Baş Komandanın yanında yumruq kimi birləşən xalqımızın, Vətən üçün qəti sözünü deməkdən çəkinməyən qüdrətli rəhbərimizin olması ilə fəxr edirik!