XƏBƏRLƏR
232 Arxiv

2019.04.22

Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatının açılışı olub

Aprelin 22-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatının açılışı olub.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev, şəhərciyin müdiri Bayram Babayev, Geologiya və Geofizika İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Əliyev və gənc alimlər iştirak ediblər.

Tədbirdə şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək ənənəvi keçirilən çempionatın ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunduğunu bildirib. O, turnirin 22 aprel - 15 may tarixlərində 16 komandanın iştirakı ilə keçiriləcəyini və oyunların AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə ediləcəyini söyləyib.

Sonra çıxış edən Habil Qurbanov akademiyanın elmi müəssisə və təşkilatları tərəfindən çempionata göstərilən marağın yüksəldiyini, ildən-ilə iştirakçı komandaların sayının artdığını vurğulayıb. Komanda idman növündə yarışların genişləndirilməsi istiqamətində işlərin görüldüyünü deyən H.Qurbanov alimlər üçün voleybol və basketbol meydançalarının hazırlandığını, yaxın aylarda istifadəyə veriləcəyini bildirib.

Daha sonra Geologiya və Geofizika və İdarəetmə Sistemləri institutlarının komandalarının görüşü ilə çempionatın qrup oyunlarına start verilib.

http://science.gov.az/news/open/10247