XƏBƏRLƏR
3200 Arxiv

2019.02.11

Elşad Əhmədovu 50 illik yubileyi münasibəti ilə təbrik edirik!

Azərbaycan Milli Elmlər Akademiyasının professoru, biologiya üzrə elmlər doktoru, AMEA Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Elşad İlyas oğlu Əhmədov 10 fevral 1969-cu ildə Sabirabad rayonunun Qaratoğay kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinin 4-cü kurs tələbəsi olarkən Zoologiya İnstitutunun Protozoologiya şöbəsinin “Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları” laboratoriyasında, baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində çalışıb. Elmə olan həvəsi və çalışqanlığı nəticəsində 1996-cı ildə parazitologiya ixtisası üzrə Zoologiya İnstitutunun əyani aspiranturasına daxil olubDaha sonra E.Əhmədov parazit-sahib münasibətlərinin biokimyəvi və immunoloji əsaslarını öyrənmək istiqamətində tədqiqatlara başlayıb. Tədqiqat işlərinin nəticəsi olaraq 2000-ci ildə “Ev toyuqlarının eimeriozu (E.tenella) və müalicəsində bəzi parazitoloji və zülal mübadiləsi göstəricilərinin öyrənilməsi” mövzusunda namizədlik,  2014-cü ildə parazitologiya ixtisası üzrə “Ev toyuqlarının eimeriozunun (Apicomplexa, Coccidia, Eimeriidae) əsas törədiciləri, onlara qarşı koksidiostatik preparatla birlikdə yerli dərman bitkilərinin tətbiqi və təsir mexanizmi” mövzusunda biologiya üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edib.

2008-2017-ci illərdə “Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları” laboratoriyasının müdiri vəzifəsində işləyib, 2017-ci ildən isə AMEA Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. E.Əhmədov 2008-2016-ci illərdə AMEA Zoologiya İnstitutunda fəaliyyət göstərən D.01.071 Dissertasiya Şurasının elmi katibi, 2017-ci ildə isə həmin şuranın sədri təyin edilib. O, həmçinin “AMEA Zoologiya İnstitutunun” və “Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri” toplularının  redaksiya heyətinin üzvüdür.

Öz taleyini Azərbaycanın elm məbədgahı olan Azərbaycan Elmlər Akademiyası və onun Zoologiya İnstitutu ilə bağlayan E.İ.Əhmədov elmi yaradıcılıqla yanaşı yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da yaxından iştirak edir. Onun rəhbərliyi altında 3 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib, hal hazırda 3 fəlsəfə doktoru dissertasiya işi yerinə yetirilir. O, elmi fəaliyyət ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğuldur. Belə ki, 2003-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “İnsan və heyvan biologiyası” və “Tibbi-bioloji tədqiqat metodları” fənnlərindən mühazirələr oxuyub, 2014-cü ildən hal-hazıradək isə Azərbaycan Texniki Universitetinin “Biotibbi texnika” kafedrasında dosent vəzifəsində çalışır.

E.Əhmədovun 97 elmi əsəri çapdan çıxıb və 1 patentə müəlliflik şəhadətnaməsi alıb, həmçinin Respublikada və xarici ölkələrdə keçirilən yerli və beynəlxalq elmi-praktik konfrans və seminarlarda iştirak edib, dəyərli elmi məqalələri ilə çıxış edib.

O, 2003-cü ildə dosent elmi adı alıb, 2017-ci ildə AMEA-nın professoru seçilib.

Elşad Əhmədovu 50 illik yubileyi münasibəti ilə təbrik edir,  bu şərəfli yolda ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzulayırıq.