XƏBƏRLƏR
3004 Arxiv

2024.03.28

AMEA-nın müxbir üzvi Zoologiya İnstitutunun protozoologiya laboratoriyasının müdiri İlham Xəyyam oğlu Ələkbərovun 75 illik yubileyi münasibəti ilə Rusiya jurnalında məqalə dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Zoologiya İnstitutunun protozoologiya laboratoriyasının müdiri, tanınmış protozoloq İlham Xəyyam oğlu Ələkbərovun 75 illik yubileyi münasibəti ilə Rusiyanın “Marine Biological Journal” jurnalında ona həsr olunmuş məqalə dərc olunmuşdur. İlham Xəyyam oğlu Ələkbərov Bakıda bioloq ailəsində anadan olub. Atası, elmlər namizədi Xəyam Muxtar oğlu Ələkbərov məşhur mamoloq, bir çox elmi məqalə və monoqrafiyaların müəllifi olub. Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda (bundan sonra AEA) çalışmışdır. Anası, fəlsəfə doktoru Xalidə Hüseyn qızı Quliyeva uzun illər AMEA-nın Botanika İnstitutunda çalışıb. İlham Ələkbərovun seçimini valideynlərinin ixtisası müəyyənləşdirmiş və o, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur (1971-ci ildə bitirmişdir). 1974-cü ildə Azərbaycan SSR EA Zoologiya İnstitutunun aspiranturasını bitirmişdir. 1977-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyalarını Sankt-Peterburq Dövlət Universitetində müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 2009-cu ildə professor elmi adı almışdır.

İlham Ələkbərov 1972-1981-ci illərdə Azərbaycan SSR EA Fiziologiya İnstitutunda baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, 1988-1989-cu illərdə Azərbaycan EA Zoologiya İnstitutunda böyük elmi işçi, 1989-2007-ci illərdə laboratoriya müdiri, 2007-2011-ci illərdə institutun elmi işlər üzrə direktor müavini, 2011-2016-cı illərdə direktoru vəzifələrində, 7 il “BP Azərbaycan” şirkətinin biomonitorinq və elmi tədqiqatlar qrupunda AMEA-nın təmsilçisi kimi çalışmışdır. 2016-cı ildən Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda Protozoologiya laboratoriyasının müdiridir.

1977-ci ildə İ.X. Ələkbərov “Mingəçevir, Varvara və Ceyranbatan su anbarlarının planktonik infuzorları” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Bu üç su anbarının planktonunda o, 120 infuzorlu takson, inter alia 1 yeni cins və 20 yeni növ tapmışdır. O, 2008-ci ildə rus və alman həmkarları ilə birlikdə Baykal gölünün sərbəstyaşayan infuzorlarının tədqiqi layihəsində iştirak etmiş, 2005-2009-cu illərdə Texas Universitetinin alimləri ilə Meksika körfəzində və Xəzər dənizində birgə tədqiqatlar aparmışdır. Alim Azərbaycan, Rusiya, Ukrayna və Orta Asiya ölkələrinin dəniz, şirin su hövzələri və torpaqlarından tapılan elm üçün yeni 4 fəsilə, 17 cins və 100-dən artıq infuzor və çanaqlı amöb növlərini taksonomik təsvir etmişdir.

Alim 200-ə yaxın elmi əsərin, o cümlədən 4 monoqrafiyanın və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 7 fəlsəfə və 1 elmlər doktoru hazırlanmışdır.

https://marine-biology.ru/mbj/issue/view/35/65