XƏBƏRLƏR
952 Arxiv

2024.03.01

ARETN Zoologiya İnstitutunda Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarına əsasən hər il martın 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu günə həsr olunan və Zoologiya İnstitutunda da keçirilən tədbiri Mülki Müdafiə qərargah rəisi Anar Əliyev Ulu öndər Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” sözləri ilə açıb. Daha sonra o Mülki Müdafiə Təşkilatı barədə ətraflı məlumat verərək bildirmişdir ki, bu tarix 1972-ci ildə təşkilatın Baş məclisinin qərarı ilə müəyyənləşdirilib. Həmin gün münasibətilə mülki maarifləndirici tədbirlər təşkil olunur. Təşkilata dünyanın 50-dən çox ölkəsi üzvdür. Məruzəçi qeyd etdi ki, beynəlxalq təşkilata üzv seçilən Azərbaycan 1993-cü ildən bu mötəbər qurumla sıx əməkdaşlıq içərisindədir. Bu sahədə zəruri qanunvericilik bazası yaradılıb, 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” və “Mülki müdafiə haqqında” qanunlar qəbul olunub. Dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilib, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulub. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin dediyi kimi: “Bütövlükdə, bu gün texniki təminat yüksək səviyyədədir. Son illərdə lazım olan bütün texniki avadanlıq alınmışdır... Yəni bu gün texniki təchizatla bağlı heç bir problem yoxdur... Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası möhkəmdir, işçilərin peşəkarlığı artır, tədris prosesi düzgün təşkil edilibdir”.