2023.06.13
Zoologiya İnstitutunda Qurtuluş gününə həsr olunan tədbir keçirilib
13 iyun 2023-cü il tarixində ETN Zoologiya İnstitutunda YAP İlk Partiya təşkilatı və Qadınlar şurasının birgə təşkilatçılığı ilə Qurtuluş gününə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov iştirakçıları iclasın gündəliyi ilə tanış edib. «Heydər Əliyevin qayıdışı Azərbaycan dövlətinin xilası və onun dirçəlişi oldu» mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi bildirdi ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi, orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdır. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Daha sonra YAP Yasamal rayonu “504”-cü məhəllə ərazisi İlk Partiya təşkilatının sədri Hafiz Muxtarov “Zəfər yolunun başlanğıcı Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyuldu, cənab prezident İlham Əliyev bu yolu axıra çatdırdı” adlı məruzəsində qeyd edib ki, əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi.Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb.
Tədbirin sonunda “Qurtuluş gününə” həsr edilən video-çarx nümayiş etdirilib.