XƏBƏRLƏR
1019 Arxiv

2021.11.19

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Noyabrın 19-da AMEA Zoologiya İnstitutunun Elmi şurasında cari il üçün növbəti hesabatlar dinlənilib. Zoom platformasında baş tutan iclası institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov giriş sözləri açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb.

İlk olaraq institutun Quru onurğasızları laboratoriyası əməkdaşlarının cari ildə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr və çap olunan məqalələri haqqında ümumi məlumat vermək üçün laboratoriyanın müdiri, b.e.d Gülzar Mustafayevayanın məruzəsi dinlənilib. Alim aparılan tədqiqat işlərinin nəticəsində Azərbaycan faunası üçün ilk dəfə qeyd olunan növlərdən, kolleksiya fondunun vəziyyətindən və elmi əlaqələrdən bəhs edərək laboratoriyanın fəaliyyətinə dair ətraflı məlumat verib.

Daha sonra Quru onurğalıları laboratoriyasının müdiri, b.e.d. Qiyas Quliyevin 2021-ci il üçün illik hesabatı dinlənilib. Qiyas Quliyev mühüm nəticə kimi Lənkəran Vilayətində Nikolski qalxansifəti (Gloydius caucasicus Nikolsky, 1906) və Talış köstəbəyi (Talpa talyschensis Vereschagen, 1945),  növlərinin arealının dar və sayının az,  Kiçik qırğının (Accipiter nisus), Tarla leyinin (Circus cyaneus), Çəmən leyinin (Circus pygargus) limit amillərinin (turizm və istirahət mərkəzlərinin genişlənməsi) güclü olmasını nəzərə alaraq Azərbaycanın Qırmızı Kitabının III nəşrinə daxil edilməsinin məqsədəuyğun hesab edildiyini vurğulayıb.  

Son olaraq Zooloji muzeyin direktoru, b.ü.f.d. Səbinə Bünyatova Qırmızı kitaba növbəti nəşri üçün məlumat toplamaq məqsədi ilə olduğu ekspedisiyaları, entomologiya kolleksiyası materiallarının inventarizasiyasını və Zooloji muzeyin ümumi ziyarətçilərinin sayını qeyd edərək muzeyin fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib.  

İclasın yekununda verilən bütün suallar məruzəçilər tərəfindən cavablandırılıb və təqdim olunan hesabatlar qənaətbəxş hesab olunub.