XƏBƏRLƏR
1164 Arxiv

2021.11.18

Zoologiya İnstitutunun Elmi şurasında növbəti hesabatlar dinlənilib

Noyabrın 18-də AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Karantin rejiminin qaydalarına uyğun olaraq keçirilən iclasda institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb. Daha sonra institutun Parazitologiya laboratoriyası əməkdaşlarının cari ildə gördükləri işlər barədə məlumat vermək üçün sözü laboratoriyanın rəhbəri, b.e.d Qara Fətəliyevə verib.

Rəhbərlik etdiyi laboratoriyanın fəaliyyəti haqqında məlumat verən alim “Kür-Araz ovalığı və Arazsahili ərazilərdə ev heyvanlarının, quşların məhsuldarlığına və davamlı inkişafına ciddi iqtisadi zərər vuran başlıca helmintoz törədicilərinin identifikasiyası, onlara qarşı profilaktik mübarizə tədbirlərinin hazırlanması” mövzusunda da ətraflı məruzə edib. O bildirib ki, Kür-Araz ovalığına daxil olan ərazilərdə xırdabuynuzlu heyvanlar arasında Fasiciola hepatica, F.gigantica, Moniezia expansa, M.benedeni, Echinococcus granulosus (sürfə mərhələsi), Dictyocaulus filaria, Trichocephalus ovis növlərinin təbii yayılma ocaqları müəyyən edilib və hazırda tədqiqat işi davam edir.

Daha sonra AMEA Zoologiya İnstitutu Mingəçevir Elmi-təcrübə bazasının 2021-ci il üzrə illik hesabatı dinlənilib. Bazanın müdiri Hicran İsgəndərova “Azərbaycanın su hövzələrində yaşayan və akvakultura şəraitində yetişdirilən heyvanların parazit faunasının biomüxtəlifliyi, nanozərrəciklərlə təsir edilmiş sahiblərdə (balıq, mollyusk) və onların parazitlərində (helmintlərdə) baş verən patomorfoloji dəyişikliklərin öyrənilməsi” mövzusunda çıxış edib və qeyd edib ki, 2021 -2023 cü illər üzrə Bazaya verilən mövzu üzrə təcrübələr aparılıb, 4 paket ağ amur və 2 paket qalınalın sürfələri alınıb böyüdülməsi üçün beton hovuzlar yaradılıb, eləcə də beton hovuzlarda balıqların qidalanması və suyun temperaturdan asılılığı müşahidə edilib.

Tədbirin sonunda hər iki məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb və təqdim olunan hesabatlar qənaətbəxş hesab olunub.