XƏBƏRLƏR
156 Arxiv

2021.11.04

Zoologiya İnstitutunda “Vətən müharibəsi və ya Dəmir Yumruq” mövzusuzunda tədbir keçirilib

Noyabrın 4-də AMEA Zoologiya İnstitutunun Qadınlar şurasının təşkilatçılığı ilə “Vətən müharibəsi və ya Dəmir Yumruq” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov iştirakçıları salamlayaraq “Zəfər günü” münasibətilə öz ürək sözlərini söyləyib. Daha sonra söz Qadınlar şurasının sədri, biologiya elmləri doktoru Yeganə Mahmudovaya verilib. Yeganə xanım 44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti sayəsində qələbənin, parlaq zəfərin qazanılmasından, Azərbaycan qadınının müharibədəki rolundan danışıb. “Azərbaycan ordusu təxribatçı düşmənə layiqli cavab verməklə ordumuzun nəyə qadir olduğunu dünyaya sübut etdi” deyən sədr bir daha xalqımızı təbrik edərək sözü “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, tarix üzrə felsefə doktoru Dilarə Muxtarovaya verib. D.Muxtarova  çıxış edərək tarix yazan qəhrəman Ordumuzun Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmindən bəhs edib. Parazitologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Reyhan İbrahimova “Müharibə və arxa cəbhə vəhdəti ” mövzusuzunda məruzə ilə çıxış edərək  ordumuzun müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlarından bəhs edib. Parazitoologiya laboratoriyasının baş laborantı Aynur Hacıağayeva “Vətən müharibəsində jurnalistlərin rolu”-dan danışaraq, döyüş bölgəsinə ezam olunmuş jurnalistlərin keçdiyi çətin lakin qürurverici rollarını, onların necə yüksək peşəkarlıq və vətənpərvərlik sərgilədiklərini xüsusi vurğulayıb. Quru Onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova isə “İkinci Vətən müharibəsi” başlıqlı mövzu haqqında  danışaraq, 2020-ci ilin yaddaşlardan silinməyəcəyini, şəhid olan bacı və qardaşlarımızın əziz xatirələrinin daim qəlbimizdə yaşayacağını söyləyib. Tədbir “Vətən müharibəsi və ya Dəmir Yumruq” mövzusuna həsr edilən video-çarxın nümayişi ilə sona çatıb.