XƏBƏRLƏR
1495 Arxiv

2021.05.18

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Mayın 18-də AMEA-nın Zoologiya İnstitutunun Elmi Şurasının növbəti onlayn iclası keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan iclası giriş sözləri ilə açan institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib. O, ilk öncə cari ilin oktyabr ayında keçiriləcək “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” adlı elmi praktik konfrans haqqında məlumat verib və bildirib ki, sözügedən konfrans AMEA Zoologiya İnstitutunun 85 illiyinə və akademik Musa Musayevin anadan olmasının 100 illik yubileyinə həsr olunacaq.

Daha sonra, ümumi institut elmi seminarının katibinin seçilməsi, Azərbaycan faunası – Milli İnformasiya Sistemi, kolleksiyanın inventarizasiyası, doktorant və dissertantların attestasiyasının nəticələri və eləcə də, 18 mart 2021-ci il tarixində AMEA-nın (www.science.gov.az), Zoologiya İnstitutunun rəsmi internet (zoologiya.az) səhifəsində və 19 mart 2021-ci il tarixində “Elm” qəzetində elan olunmuş müsabiqənin nəticələri müzakirə olunub və müəyyən qərarlar qəbul olunub.

İclasda həmçinin, “Azərbaycan faunasının taksonometrik spektri (ibtidailər və helmintlər)”, b.ü.f.d Nizami Novruzov və b.ü.f.d Barat Əhmədovun “Azərbaycanda su ilanının (Natrix tessellata) morfologiya, bioekologiya və davranışı”, b.ü.f.d Könül Tapdıqovanın “Abşeron yarımadası göllərinin ibtidai xərçəngkimilər faunası” adlı monoqrafiyalarının çapa təqdim olunması qərara alınıb.