XƏBƏRLƏR
1493 Arxiv

2021.04.16

“Azərbaycanda quş qripi təhlükəsi: infeksiya ocaqları və profilaktik tədbirlər” adlı vebinar təşkil edilib

Aprelin 16-da AMEA-nın Biologiya və Tibb Elmləri bölməsi və Zoologiya İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda quş qripi təhlükəsi: infeksiya ocaqları və profilaktik tədbirlər” adlı vebinar təşkil edilib. Tədbirin keçirilməsində əsas məqsəd köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin yayılma ehtimalına təsiri, infeksiya ocaqlıqlarının qiymətləndirilməsi və quş qripinə qarşı profilaktik tədbirlər planının hazırlanmasından ibarətdir.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan tədbiri giriş sözləri ilə açan Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov iştirakçıları salamladıqdan sonra quş qripi törədicisinin həm insan həyatına, həm də təsərüffata vurduğu böyük ziyandan danışıb. Vebinarda həmçinin, AMEA-nın müvafiq institutları, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Səhiyyə Nazirliyi, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin çıxışları da dinlənilib. Məruzəçilər quş qripi virusunun təbii rezervuarlarından, rekombinasiyası və mutasiyasından, xəstəliyə yoluxma hallarından, onun inkubasiya dövrü və ekologiyasından, yoluxmanın  qarşısını almaq üçün düzgün profilaktika və dezinfeksiya vasitələrinin seçilməsindən bəhs ediblər.

Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.