XƏBƏRLƏR
1699 Arxiv

2020.11.11

Biologiya və Tibb Elmləri Bölməsinin Azərbaycan ordusunun böyük qələbəsinə həsr edilmiş Ümumi yığıncağı keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib.

Zoom platforması üzərindən virtual formatda təşkil olunan iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Bölmə üzvlərini Qarabağ müharibəsinin böyük qələbə ilə başa çatdırılması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edib, eyni zamanda onlara AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin salamlarını və təbriklərini çatdırıb. Natiq qeyd edib ki, Azərbaycan xalqının 27 il ərzində səbirsizliklə gözlədiyi gün gəlib, cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Silahlı Qüvvələrimızın Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu müasir tariximizə yeni şanlı səhifələr yazıb.

Akademik İradə Hüseynova bildirib ki, bu tarixi qələbə Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət - güclü ordu strategiyasının məntiqi yekunudur. Böyük qələbənin əsas hərəkətverici qüvvəsi sarsılmaz xalq – lider, xalq – ordu birliyi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının yumruq kimi birləşməsi olmuşdur. Türkiyə Respublikasının və xalqının ciddi mənəvi və siyasi dəstəyini də xüsusi qeyd etmək lazımdır. Akademik İradə Hüseynova bu mücadilədə müqəddəs yurdumuzun xilası naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi qarşısında baş əydiyini bildirib.

Azərbaycan alimləri də müharibənin gedişində cəbhəyə və döyüşən ordumuza maddi və mənəvi dəstəklə, həyata keçirilən aksiyalarla, cəbhə bölgələrinə mütəmadi səfərlərlə öz töhfələrini veriblər.

Noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış birgə bəyanat Ermənistanın tam məğlubiyyətini bir daha təsdiq edib. Bu böyük qələbənin ardından azad olunmuş ərazilərə böyük qayıdışın başlayacağına, qısa bir müddətdə buranın çiçəklənən bir diyara çevriləcəyinə diqqət çəkən akademik İradə Hüseynova AMEA Rəyasət Heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında 30 oktyabr 2020-ci il tarixli qərarına uyğun olaraq BTEB-in alimləri tərəfindən aparılacaq çoxşaxəli elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üzərində iş aparıldığını bildirib.

Bölmə tərəfindən bioloji müxtəliflik, genetik ehtiyatlar, torpaq və su resursları ilə bağlı görüləcək işlərlə yanaşı, regionda işğal nəticəsində Azərbaycan və dünya bitki və heyvan genefonduna, landşaft örtüyünə, tarixi-mədəni və təbii abidələrinə, yeraltı və yerüstü sərvətlərinə vurulmuş ziyanlar haqqında silsilə beynəlxalq konfrans və dəyirmi masaların təşkil edilməsi, müvafiq elmi məqalələrin beynəlxalq jurnallarda dərc etdirilməsi, dağıdılmış landşaft elementlərinin, talan edilmiş tarixi və mədəni abidələrin, tikililərin konservləşdirilərək açıq səma altında muzeylərin yaradılması, bu məqsədlə obyektlərin seçilməsinə elmi dəstəyin göstərilməsi aidiyyəti təkliflər arasında yer alıb.

Tədbirdə BTEB-in üzvlərindən akademik Urxan Ələkbərov, AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Maqsud Qurbanov, Amin İsmayılov, Tərlan Məmmədov, Zeynal Əkpərov, İbrahim Əzizov, Əlövsət Quliyev, biologiya elmləri doktorları Ulduz Həşimova, Vahid Fərzəliyev və başqaları çıxış edərək xalqımızı təbrik etmiş, Dövlət Başçısının Azərbaycanın çiçəklənməsi və torpaqlarımızın azad edilməsi, əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi uğrunda apardığı məqsədyönlü siyasəti yekdilliklə dəstəklədiklərini bildiriblər.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə BTEB-in üzvləri tərəfindən müraciət qəbul edilib.

Müraciətin mətni:

Müzəffər Ali Baş Komandan!

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı adından Sizə 2-ci Qarabağ müharibəsində qazanılmış tarixi qələbə münasibətilə dərin minnətdarlığımızı bildirirəm. Sizin komandanlığınız altında ordumuz bu qələbə ilə Azərbaycan xalqına uzun illər həsrətində olduğu sevinci yaşatdı, şəhid analarının qəlbini ovundurdu. Siz xalqımızın milli qürur, özünüdərk və özünəinam hisslərini misilsiz səviyyədə yüksəltdiniz. 30 il ərzində bütün dünyanın həll edə bilmədiyi problemi ay yarım ərzində həll etməklə müasir Azərbaycanın zəfər tarixini yenidən qızıl hərflərlə yazdınız.

Siz böyük dövlət başçısı və müzəffər sərkərdə kimi siyasət, informasiya və diplomatiya cəbhələrində cahanşümul qələbələrinizlə regionda yeni hərbi-siyasi ab-hava yaratdınız və xalqımıza böyük nüfuz qazandırdınız.

Bu gün Bölməmizin üzvləri və institutların kollektivləri böyük qayıdış və dinc quruculuq dövrünə köklənmişdir. Biz cəmiyyətdə geniş müzakirə edilən dirçəliş və inkişaf planlarının gerçəkləşdirilməsi istiqamətində üzərimizə düşən vəzifələrin öhdəsindən gəlməyə, Qarabağın təbiətinin, landşaft örtüyünün, flora və fauna aləminin, yeraltı və yerüstü sərvətlərinin tədqiqi, mühafizəsi və səmərəli istifadəsi, viran edilmiş torpaqlarımızın bərpası və yaxşılaşdırılması üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq!

Ulu Tanrı Sizi və ailənizi, xalqımızı və yenidən qaytardığınız Qarabağımızı qorusun!

Dərin hörmət və ehtiramla,

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova

http://science.gov.az/news/open/14971