XƏBƏRLƏR
2154 Arxiv

2020.07.02

“Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” adlı kitab işıq üzü görüb

AMEA Zoologiya İnstitutunda aparılan çox illik tədqiqatlar nəticəsində Azərbaycanın heyvanlar aləmində sərbəstyaşayan və parazit ibtidailərin, insanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən helmintlərin, hidrofaunaya daxil olan onurğalı və onurğasız heyvanların, həşəratların, hörümçəkkimilərin, suda-quruda yaşayanların, sürünənlərin, quşların və məməli heyvanların növ tərkibi öyrənilmiş və indi də öyrənilməkdədir.

Son illərdə onurğalı heyvan növlərinin bir çoxunun təsnifatında dəyişikliklər edildiyindən oxuculara təqdim edilən “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” adlı  kitabda Azərbaycanda onurğalılar faunasına daxil olan dəyirmiağızlılar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər siniflərinə mənsub olan növlər yeni təsnifat statusu ilə daxil edilmişdir.

Hazırda Azərbaycanın  faunasında dəyirmiağızlılar (Cyclostomata) 1 növlə təmsil olunur. Xəzərin Azərbaycan sektorunda və Azərbaycanın daxili su hövzələrində balıqların 12 dəstəsinə mənsub olan 104 növünün və bir sıra yarımnövlərinin yayıldığı qeydə alınmışdır. Azərbaycanın amfibi faunasına 2 dəstə, 6 fəsilə, 9 cinsə aid olan 11 növ, sürünənlər faunasına isə 2 dəstəyə (tısbağalar və pulcuqlular) 63 növ daxildir. Son araşdırmalara görə Azərbaycan ərazisində 19 dəstəyə, 65 fəsiləyə aid olan 407 quş növü, məməlilərin isə 7 dəstəyə aid olan 115 növü yayılmışdır.

AMEA Rəyasət Heyətinin Qərarına əsasən (27 iyun 2019) çap  olunan kitab mütəxəssislər, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitaba baxış üçün linkə tıklayın