XƏBƏRLƏR
1909 Arxiv

2020.05.30

Akademik Seyfəddin Əliyevin 90 yaşı tamam olur

Bu gün Azərbaycanın tanınmış entomoloq alimi, akademik Seyfəddin Əliyevin 90 illik yubileyi tamam olur.

Seyfəddin Vəli oğlu Əliyev 30 may 1930-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində anadan olub. 1937-1943-cü illərdə həmin kəndin orta məktəbini bitirdikdən sonra Naxçıvan Şəhər Tibb texnikumuna daxil olub. Sonra o, 1947-1951-ci illərdə Bakı şəhərinə gələrək, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya-Biologiya fakultəsində təhsilini davam etdirib.  1952-ci ildə AMEA Zoologiya İnstitutunda  kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.

Alim 1961-ci ildə “Azərbaycanın gəmirici sovkaları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1964-cü ildə baş elmi işçi vəzifəsinə, 1978-ci ildə “Pambıq sovkasının bioloji inkişafı” laboratoriyasına, 1986-cı ildə “Entomologiya” laboratoriyasına, 1988-ci ildə isə “Entomologiya” şöbəsinə müdir seçilib. Yorulmaq bilməyən alim sovkalar üzrə tədqiqat işlərini davam etdirərək 1977-ci ildə Ukrayna EA Zoologiya İnstitunda “Azərbaycanın sovkaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru alimlik dərəcəsi alıb. Alim 1998-ci ildə professor adına layiq görülüb. Zoologiya və entomologiya elminin inkişafındakı nailiyyətləri və xidmətlərinə görə 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

Uzun illərin gərgin əməyi nəticəsində Seyfəddin Əliyev Azərbaycanda 716 sovka növünün yayıldığını aşkar edib ki, onlardan 462 növü respublikanın sovka faunası üçün, 145 növü Zaqafqaziya, 67 növü isə keçmiş SSRİ ərazisi üçün yeni növ hesab olunub. Alim ilk dəfə olaraq bu növlərin Azərbaycanda ekoloji-faunistik icmalını, onların şaquli istiqamətdə, zonalar, biotoplar, ekoloji qruplar üzrə yayılmasını, formalaşmasını, zoocoğrafi analizini, qida əlaqələrini vermiş, zərərli növlərin bioekoloji xüsusiyyətlərini öyrənərək, onlara qarşı mübarizənin elmi əsaslarını işləyib hazırlayıb. Onun tərəfindən ilk dəfə olaraq 61 növ sovkanın kənd təsərrüfatı bitkilərinə zərər verdiyi müəyyənləşdirilib. Pambığın ən qorxulu zərərvericisi olan pambıq sovkasına qarşı mübarizə aparmaq məqsədilə alim Şirvan və Muğan zonasında faydalı həşəratlar üzrə tədqiqat işləri apararaq, 21 növ parazit, 12 növ yırtıcı cücünün pambıq sovkasını tələf etməsini müəyyən edib. Bu tədqiqatların nəticəsi inteqrir mübarizə metodu kimi təsərrüfatda tədbiq olunub.

Seyfəddin Əliyev 168 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, kənd təsərrüfatı işçilərinə kömək məqsədilə yazılmış 4 kitabın, 3 elmi-kütləvi kitabçanın müəllifidir. O, orta məktəbin 7-8-ci sinifləri üçün “Zoologiya” dərsliyinin, 10 cildlik “Azərbaycan ensiklopediyası”nın müəlliflərindən və V.A.Dogelin universitetlər üçün rus dilində yazdığı “Onurğasızlar zoologiyası” dərsliyini Azərbaycan dilinə tərcümə edən müəlliflərdən biridir. O, Azərbaycan dilinə tərcümə olunmuş 3 cilddən ibarət olan rus və azərbaycan dillərində çap olunmuş “Azərbaycanın heyvanlar aləmi” monoqrafiyasının II cildinin əsas tərtibçisi və məsul redaktorudur. Bundan başqa ali məktəblər üçün yazılmış 9 dərsliyin, 2 dərs vəsaitinin, 6 monoqrafiyanın, 4 kitabçanın redaktoru, həmçinin Azərbaycan dilinin izahlı lüğətinin IV cildində verilən zoologiya və entomologiya terminlərinin tərtibçisidir.

Alim müxtəlif illərdə “Əmək veteranı” medalı, Əmək veteranı” xatirə nişanı, Beynəlxalq Corc Soros təqaüdünə və diplomuna, Respublikada entomologiya elminin inkişafında çoxillik fədakar əməyinə görə AMEA-nın Rəyasət Heyəti tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təltif olunub.

AMEA Zoologiya İnstitutunun kollektivi adından görkəmli entomoloq-alim, akademik Seyfəddin Əliyevi 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq!