XƏBƏRLƏR
2057 Arxiv

2019.11.07

Zoologiya İnstitutunun əməkdaşı Azərbaycan faunası üçün iki yeni növ aşkar edib

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnaz İsmayılova tut bitkisinin zərərvericilərini öyrənmək məqsədilə respublikanın şimal-qərb və şimal-şərq ərazilərində  ekspedisiyada olarkən Azərbaycan faunası üçün iki yeni növ aşkar edib. Zərərvericilərdən biri Azərbaycanda indiyə qədər qeydə alınmayan Ricania simulans (Walker, 1851) (fəsilə-Ricaniidae) cırcırama-kəpənəyidir. Zərərvericinin şimal-qərb rayonlarına Gürcüstan, şimal-şərq rayonlarına isə Rusiya Federasiyası ərazisindən keçdiyi  ehtimal olunur. Vətəni  Yaponiya və Çin olan bu növ Koreya, Tayvan, Rusiya, Ukrayna, Gürcüstanda da geniş yayılıb.  R.simulans polifaqdır və yayıldığı ərazilərdə nimfa və yetkin fərdləri demək olar ki, bütün kənd təsərrüfatı bitkilərinin cavan zoğlarının şirəsi ilə qidalanaraqp onlara ciddi zərər vururlar. Azərbaycan faunasında yeni qeydə alınmasına baxmayaraq artıq tutdan başqa,  əncir, fındıq, cökə, böyürtkən və bəzi tərəvəz bitkiləri üzərində  geniş populyasiya sıxlığında müşahidə olunması  göstərir ki, R.simulans gələcəkdə qida spektrini daha da genişləndirərək, qonşu dövlətlərdə olduğu kimi respublikamızın bitki örtüyü üçün böyük təhlükə yarada bilər. Bu səbəbdən növün bioekoloji xüsusiyyətləri, trofik əlaqələri və Azərbaycanda təbii düşmənlərinin müəyyən edilməsi istiqamətində tədqiqatlar davam etdirilir.

Bundan başqa tədqiqatçı tərəfindən aşkar olunan, Azərbaycan faunası üçün ikinci yeni növ Aleuroclava aucubae (fəsilə -Aleyrodidae) ağqanadlısıdır. Bu növ Bakı şəhəri və Qax Damazlıq İpəkçilik stansiyası ərazilərində tut bitkisi üzərində  ilk dəfə olaraq qeydə alınıb.