XƏBƏRLƏR
3792 Arxiv

2016.01.22

Professor Tofiq Mikayılov- 85

Bu gün Zoologiya İnstitutunda “Parazitologiya” şöbəsinin və “Su heyvanlarının parazitləri” laboratoriyasının sabiq müdiri, biologiya elmlər doktoru, professor Tofiq  Kərrar oğlu Mikayılovun 85-illik yubileyi qeyd olundu. İclasda Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, Zoologiya İnstitutunun direktoru, müxbir üzv İ.X.Ələkbərov və İnstitutun əməkdaşları Tofiq müəllimi yad edərək, onun haqqında olan çoxillik xatirələrindən söz açmış, onun böyük alim olmaqla yanaşı, gözəl insan, ailə başçısı, səmimi dost, yoldaş və digər yüksək insani keyfiyyətlərindən danışdılar.

T.K.Mikayılov 15.01.1931-ci il tarixində Ağdam şəhərində müəllim ailəsində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakultəsini bitirərək, 1953-cü ildə Zoologiya İnstitutunda parazitologiya ixtisası üzrə aspiranturaya qəbul olmuş və ”Kür çayı vətəgə balıqlarının parazitləri" mövzusunda namizədlik (1958), “Azərbaycan su hövzələrində balıqların parazitləri (sistematika, dinamika və mənşəyi)”  mövzusunda doktorluq dissertasiyalarını (1969)  müdafiə etmiş, 1972-ci ildə professor elmi adı almışdır.

T.K.Mikayılov ilk dəfə olaraq Azərbaycanın su hövzələrində balıqların parazit faunasını ətraflı öyrənməklə parazitlərin növ tərkibi, ekologiyası, zoocoğrafiyası və faunasının formalaşmasına dair geniş araşdırmalar aparmışdır. Tofiq müəllim tərəfindən elm üçün  yeni 2 cins və 26 növ müəyyən edilərək, təsvir olunmuşdur. Onun yaratdığı Azərbaycan hidroparazitoloqlar elmi məktəbi bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinə görə yaxın və uzaq xaricdə tanınan elmi mərkəzlərdən birinə çevrilmişdir. T.K.Mikayılov tərəfindən 200-dən çox elmi əsər, o cümlədən 7 monoqrafiya və 3 kitab nəşr edilmişdir. Professor 6 elmlər doktoru və 20-dən artıq fəlsəfə doktoru yetişdirmişdir. O, 1991-ci ildə  Azərbaycan Dövlət Mükafatı laureatı olmuş, “Əməkdə fərqlənmə” və “Tərəqqi” medalları ilə təltif edilmişdir.