XƏBƏRLƏR
3354 Arxiv

2018.03.16

Bakı Dövlət Universitetinin tələbələri Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər

AMEA-nın Zoologiya İnstitutu ilə Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən BDU-nun Biologiya fakültəsinin 19 nəfərdən ibarət bakalavr heyəti 2 ay müddətində Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Hazırda tələbələr institutun Tətbiqi Zoologiya Mərkəzində elmi istehsalat təcrübəsi keçirlər. Mərkəzin böyük elmi işçisi, biologiya üzrə, fəlsəfə doktoru İlhamə Səfərova tələbələrə həşəratın anatomiya və fiziologiyası, qərzəkli meyvə bitkilərinin zərərvericiləri  və laboratoriya şəraitində (termostatlarda) bəslənilən digər növlər haqqında elmi-metodik məlumatlar verib.

Mərkəzin kiçik elmi işçisi Rəfiqə Əliyeva Respublikada mövcud olan bal arıları, onların biologiyası, xəstəlikləri və onların yaranma səbəbləri haqqında tələbələrə geniş məlumat verməklə yanaşı, arı xəstəliklərinin diaqnostik əlamətlərini işıq mikroskopu vasitəsilə əyani olaraq göstərib.

Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçiləri Ləman Dadaşova və İsmayıl Mikayılzadə laboratoriyada bəslənilən və çoxaldılan tibb zəlisi (Hirudo orientalis), onun morfoloji və bioloji xüsusiyyətləri, zəlinin müxtəlif rejimlərdə inkişafı və qidalanması, eyni zamanda onların çoxaldılma üsullarından ətraflı məlumat verməklə yanaşı, prosesləri əyani olaraq tələbələrə izah ediblər.

Mərkəzin aparıcı elmi işçisi Əli Məmmədov tələbələrə riyazi modelləşdirmə, onun biologiyaya tətbiqi barədə söhbətlər aparmaqla yanaşı, Mərkəzdə aparılan belə tədqiqatlar və onların əhəmiyyəti barədə tələbələrə geniş məlumatlar verib.