XƏBƏRLƏR
563 Arxiv

2017.04.05

Azərbaycan elminə ağır itki üz vermişdir

Azərbaycanda alqologiya elminin banisi, AMEA-nın müxbir üzvü, professor Ninel İsrafil qızı Qarayeva aprelin 3-də ömrünün 85-ci ilində vəfat edib.

Ninel Qarayeva 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, XX əsrin görkəmli diatomoloqu, b.e.d. A.İ.Proşkin-Lavrenkonun rəhbərliyi altında namizədlik dissertasiyası üzərində çalışmışdır. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə isə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Alim apardığı elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini araşdırmış, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini vermiş, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir etmiş, onların yayılması və autekologiyasını öyrənmişdir. Bu tədqiqat işi bugünədək Xəzərin diatom yosunlarının öyrənilməsi istiqamətində sanballı əsər hesab olunur. 

Professor N.Qarayeva tərəfindən çoxillik tədqiqatlar nəticəsində Xəzərin müasir alqoflorasının səciyyəvi cəhətləri müəyyənləşdirilmiş, onun mənşəyi və inkişafına dair sonralar eksperimental şəkildə öz təsdiqini tapmış hipoteza irəli sürülmüşdür. Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilmişdir. 

Diatom yosunların yeni bir cinsi onun şərəfinə Karayevia Round et Bukht. (Round, Bukhtiyarova “Four new genera based on Achnanthes (Achnanthium) together with a re-definition of Achnanthium”, Diatom Research, 1999, vol. 11) adlandırılmışdır. Alimin əldə etdiyi nəticələr dəfələrlə keçmiş SSRİ Elmlər Akademiyasının və Azərb. SSR Elmlər Akademiyasının mühüm nailiyyətləri sırasına daxil edilmişdir. O, 115-dən artıq elmi əsərin müəllifi idi.

N.Qarayeva ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə, bundan başqa “Əmək veteranı”medalı, “Sosialist yarışı əlaçısı” nişanı, Milli Elmlər Akademiyası və digər qurumların Fəxri fərman və diplomları ilə təltif edilmişdir.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan Ninel Qarayevanın xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!

http://science.gov.az/news/open/5353