XƏBƏRLƏR
1583 Arxiv

2017.02.27

Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu

oyqırımı bəşəriyyətin məruz qaldığı ən böyük faciələrdəndir. Bəşər tarixində demək olar ki, həmişə qanlı hadisələr baş versə də, təqsirsiz insanların kütləvi qətliamına çevrilən soyqırımılar öz amansız simasını XX əsrdə göstərdi. Təəssüf ki, bu dəhşətli bəşəri cinayətlər yaşadığımız dövrdə də baş verir. Bu gün də dünyanın müxtəlif  bölgələrində nahaq qanlar axıdılır, soyqırımından heç də geri qalmayan, hətta onu üstələyən insan qırğınları baş verir.

Bütün bu faciələr bədii mədəniyyətdə, xüsusən təsviri sənətdə geniş təcəssümünü tapıb. İnsan faciələrinə biganə qala bilməyən rəssamlar, heykəltəraşlar və memarlar bu mövzuda təsirli, yaddaqalan əsərlər yaratmışlar. Bu əsərlər obrazlı olmaqla yanaşı, həm də cəmiyyəti baş verən hadisələrdən ibrət götürməyə, qanlı faciələrin təkrarlanmasına yol verməməyə səsləyir.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda hazırlanmış və Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində ictimaiyyətə təqdim edilən “Azərbaycan və dünya incəsənətində soyqırım mövzusu” adlı monoqrafiyada məhz bu dəhşətli hadisələrin rəssamlıqda təcəssümü öz əksini tapmışdır.

Kitab kollektiv elmi-tədqiqat işi olub, institutda çalışan bir qrup əməkdaş tərəfindən yazılmışdır. Müəlliflər kollektivinə AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayeva, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Aidə Sadıqova, Xəzər Zeynalov, həmçinin Ramil Quliyev və Novruz Novruzov daxildirlər. Monoqrafiya AMEA-nın elmi proqramı çərçivəsində hazırlanaraq işıq üzü görmüşdür. Elmi redaktor sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyevadır. Əsərə AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova və sənətşünaslıq üzrə elmlər doktoru, professor Asiya Qalimjanova (Qazaxıstan) rəy vermişlər.

Girişdə soyqırım fenomeni sosial, mənəvi-psixoloji və bədii kontekstdə nəzərdən keçirilib, onun incəsənətdə mövzu və janr baxımından təcəssüm olunması formalarına aydınlıq gətirilib. Qeyd olunub ki, Azərbaycan sənətşünaslığında belə bir tədqiqat ilk dəfədir ki, aparılır. Bu vaxta qədər həm Azərbaycan, həm də dünya incəsənətində soyqırımı mövzusuna həsr olunan belə iri elmi əsər yazılmayıb. Kitabda Azərbaycan rəssamlarının Qarabağ faciələrinə həsr olunmuş tabloları  da dünya rəssamlıq sənətinin analoji nümunələri ilə müqayisəli səpkidə təhlil edilib ki, bu da onun orijinallığını artırır.

Əsər, bütövlükdə, soyqırımının bədii təcəssümünə həsr edilsə də, ­burada həmin dəhşətli fenomenin tarixi, sosial, ictimai və psixoloji köklərinin araşdırılması mövzusuna da geniş yer verilib. Tədqiqatın ilk fəsli məhz buna həsr olunmuşdur. “Soyqırımı tarixi hadisə kimi” adlanan bu fəsildə soyqırımı anlayışına aydınlıq gətirilib, qədim dövrlərdən tutmuş günümüzə qədər bəşər tarixində baş vermiş bir çox qırğınlara, qətliamlara qısa nəzər salınıb. İlk fəslin xeyli hissəsini təbii ki, erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətkar əməllərin xronikası təşkil edir. Qeyd edilir ki, yüz ildən çox müddət ərzində ermənilər planlı surətdə müxtəlif təxribatlara əl atmış, öz havadarlarının köməkliyi ilə dinc azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıqlar törətmiş, insanları kütləvi surətdə qırıb məhv etmişlər.

Əlbəttə, kitabın əsas məzmununu soyqırımı fenomeninin bilavasitə bədii təcəssümü təşkil edir. Bu isə olduqca geniş bir mövzudur. Təəssüf ki, soyqırımı kimi kütləvi qırğınlarla müşayiət olunan dəhşətli hadisələr bir çox xalqların tale payına düşüb. Bu qanlı hadisələr müxtəlif ölkələrin təsviri sənətində, xüsusən XX əsrin ikinci yarısı və müasir dövrdə öz dolğun bədii ifadəsini tapıb. Bütün bunların əhatəli, sistemli təhlili Azərbaycan sənətşünaslıq məktəbində ilk dəfədir ki, tədqiqat mövzusuna çevrilib.

Kitabın ikinci fəsli “Avropa ölkələri və Yaponiya incəsənətində soyqırım” adlanır. Kitabın ikinci və üçüncü fəsillərində Böyük Britaniya, Almaniya, Niderland, Polşa, həmçinin Rusiya, Ukrayna və digər ölkələrin təsviri sənətində soyqırımı mövzusu əhatəli tədqiq edilib. Əlbəttə, İkinci Dünya müharibəsi illərində baş vermiş qanlı hadisələr əsas mövzular cərgəsində qərarlaşıb. Eyni zamanda, yaxın keçmişin faciəli hadisələri də avropalı rəssamları narahat edən, onları düşündürən mövzulardandır.

Narahat dünyamızın müxtəlif  bölgələrində – Yaxın Şərqdə, Bosniyada, Şimali Qafqazda, Əfqanıstanda, Uzaq Afrikada baş vermiş qanlı olaylar, insanların etnik, dini zəmində kütləvi surətdə qətlə yetirilməsi, zorakılıqlar, qanlı terror aktları, xüsusi qəddarlıqla törədilən vəhşiliklər Avropanın müxtəlif ölkələrini təmsil edən rəssamların yaradıcılığında öz bədii inikasını tapır. Ötən əsrin 30-cu illərində Ukraynada milyonlarla kəndlinin ölümünə səbəb olan dəhşətli aclıq (qolodomor), keçmiş Sovetlər İttifaqında baş vermiş kütləvi repressiyalar, həbs və sürgünlər, güllələnmələr müasir Rusiya, Ukrayna rəssamlarının bir çoxunun yaradıcılığında geniş, emosional və təsiredici tərzdə əks olunub. İkinci fəslin birinci yarısında bu barədə geniş məlumatlara rast gəlirik.

İkinci fəslin ikinci hissəsi Xirosima və Naqasaki faciələrinin incəsənətdə əksi mövzusunu işıqlandırır. Tədqiqat işində bir çox yapon rəssamının bu mövzuya həsr edilmiş rəsmləri təhlil edilib. Onların içərisində bütün dünyada məşhur olan İri və Tosiko Marukilərin rəsmləri də vardır. Eyni zamanda, yapon xalqının faciəsinə biganə qala bilməyən ABŞ, Fransa, İtaliya, Rusiya, Estoniya və başqa ölkə rəssamlarının əsərləri də diqqətə çatdırılıb.

Kitabın üçüncü fəsli holokost – İkinci Dünya müharibəsi illərində alman faşistlərinin və onların əlaltılarının törətdiyi yəhudi qırğınları faciəsinin dünya incəsənətində təcəssümünə həsr olunub. “İsrail və yəhudi diasporu incəsənətində holokost mövzusu” adlanan bu fəslin hər iki yarımfəsli həmin tükürpərdən mövzunu işıqlandırır. Bu da təsadüfi deyil, çünki dünya incəsənətində holokost çox geniş təmsil olunmuşdur. Bir çox ölkələrdə – ABŞ, Almaniya, İsrail, Rusiya, Ukrayna və başqalarında bu bəşəri faciəyə çoxsaylı rəsm əsərləri həsr edilmiş, heykəllər, memorial komplekslər ucaldılmışdır. Maraqlıdır ki, yəhudi mənşəli rəssamların bəzi tabloları azərbaycanlı fırça ustalarının Xocalı soyqırımını əks etdirən əsərləri ilə müqayisə edilib.

Şübhəsiz ki, hazırkı tədqiqatın ikinci və üçüncü fəsilləri Azərbaycan sənətşünaslığında dünya soyqırımı faciələrinin sənətdə təcəssümünün öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Lakin xalqımızın və ümumiyyətlə, türk dünyasının məruz qaldığı faciələrin təsviri sənətdə təcəssümü də böyük önəm daşıyır. Bütün bunlar tədqiqatın “Azərbaycan və türk xalqları incəsənətində soyqırımı mövzusu” adlanan dördüncü fəslində ətraflı işıqlandırılıb. Dördüncü fəslin birinci yarımfəsli “Türk xalqları incəsənətində milli-faciəvi tematika”, ikinci yarımfəsli isə  “Azərbaycan təsviri sənətində soyqırımı mövzusu” adlandırılıb.

Tədqiqat işində ötən əsrin 30-cu illərində qazax, qırğız və başqa xalqların yaşadığı məhrumiyyətlər, faciələr, bu faciələrin incəsənətdə təcəssümü ətraflı şəkildə təsvir olunub. Qeyd edilib ki, sovet totalitarizminin ən böyük cinayətlərindən olan, qazax xalqının gözünü qorxutmaq, milli şüurunu əzib məhv etmək üçün məqsədli şəkildə törədilmiş dəhşətli aclıq (buna qazaxca aşarşılık deyirlər) nəticəsində milyonlarla insan aclıq, taqətsizlik və xəstəliklərdən kütləvi surətdə həlak olub.

Oxşar faciələri həmin dövrdə və bundan daha əvvəl qırğız xalqı da yaşayıb. 1916-cı il Orta Asiya üsyanını çarizm rəhmsizlik və xüsusi qəddarlıqla yatırmışdı. Bundan sonra üsyanda iştirak etmiş qırğız xalqına qarşı sərt cəza tədbirləri görülməyə başladı. Cəzadan qurtulmağa çalışan on minlərlə qırğız ailəsi çətin keçilən yüksək dağ yolları ilə Şərqi Türküstana–Çinə qaçmağa məcbur oldu. Onların əksəriyyəti güclü şaxta və çovğunun hökm sürdüyü dağlarda donaraq həlak oldular. Bu dəhşətli faciə urkun (köç, sürgün) adını almış və müasir qırğız təsviri sənətində işlənmişdir. Əsərdə qırğız rəssam və heykəltəraşlarının urkun mövzusunda işlənilmiş yaradıcılıq nümunələrindən söz açılır.

Bu tədqiqatın bizim üçün ən önəmli, eyni zamanda ən acılı-ağrılı olanı Azərbaycan incəsənətində soyqırımı mövzusudur. Əlbəttə, yüksək tolerantlıq mədəniyyətinə, multikultural təfəkkür tərzinə malik Azərbaycan xalqı heç kəsin faciəsinə biganə deyil. Bununla belə, son yüz ildən də artıq müddətdə bir neçə dəfə yaşadığımız faciələr qəlblərimizi təbii ki, daha artıq göynədir. Həmin faciələrin təsviri sənətimizdəki əksi də  daha böyük əhəmiyyət kəsb edir.

Bu baxımdan “Azərbaycan təsviri sənətində soyqırımı mövzusu” yarımfəsli daha çox maraq doğurur. Burada Azərbaycan rəssam, heykəltəraş və memarlarının 1918-ci il qanlı mart hadisələrinə, Bakıda 1990-cı il qara yanvar faciəsinə və Xocalı soyqırımına həsr etdikləri əsərlər toplanmış və ətraflı təhlil olunmuşdur. Yarımfəsildə Azərbaycan incəsənətində soyqırımı mövzusunun struktural və tipoloji ümumiləşdirmələri diqqət çəkir. Burada ayrı-ayrı əsərlərlə yanaşı, bütövlükdə, mövzunun tematik səciyyəsi açıqlanır.

Kitabda həmin müəlliflərin əksər hissəsinin yaradıcılıq işlərindən nümunələr verilib. Bu baxımdan, şübhəsiz ki, Bakı şəhərindəki Şəhidlər xiyabanında inşa edilmiş xatirə məqbərəsi xüsusi önəm daşıyır. Qeyd edilir ki, 1998-ci ildə Elbay Qasımzadə, Akif Abdullayev və Niyazi Vəliyevin yaratdıqları bu abidə klassik Azərbaycan məqbərə memarlığına xas olan konstruktiv quruluşu və bədii xüsusiyyətləri ilə seçilir.

Bakıda 20 Yanvar faciəsi qurbanlarına ucaldılmış möhtəşəm heykəltəraşlıq əsəri də ətraflı təhlil edilir. Qeyd olunur ki, heykəltəraşlar Cavanşir Dadaşov, Azad Əliyev və Ədalət Məmmədovun müəllifi olduğu bu monumental əsər 2010-cu ildə, 20 Yanvar dairəsi önündə ucaldılıb. Heykəlin kompozisiyasında müşahidə olunan monumentallıq, monolit görünüş, sürəkli ekspressiya məcazi olaraq Azərbaycan xalqının birliyini, bütövlüyünü, düşmən qarşısında sarsılmazlığını ifadə edir.

Əsərdə bir çox Azərbaycan rəssamının yaradıcılığından da bəhs olunur. Klassik sənətkarlarımızdan Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Ağa Mehdiyev və başqalarının 20 Yanvar faciəsi mövzusunda çəkdikləri rəngkarlıq əsərləri və plakatlar müstəqillik ərəfəsində və müstəqilliyin ilk dönəmində Azərbaycan incəsənətinin ən təsirli nümunələri kimi təqdim edilir.

Nazim Məmmədovun Xocalı faciəsi mövzusunda işlədiyi silsilə əsərlər kitabda geniş tədqiqat obyektinə çevrilmişdir. Rəssamın özünəməxsus səpkidə, simvolik formada işlədiyi “Xocalı od içində”, “Xocalı qırğını”, “Xilaskarı gözləyən gözlər” və başqa kompozisiyaları ilk baxışda dayanıqlı, hətta sakit təsir bağışlasalar da, əslində yaşanan dəhşətlərdən sarsılmış insan psixologiyasının, onun müvazinətini itirmiş ruhi aləminin gizli təlatümündən xəbər verir. Rza Avşarovun “Xocalı faciəsi”, Nizami Hüseynovun “Xocalı (Böyük oyunun kiçik qurbanları)”, Əşrəf Heybətovun “Xocalı”, Vaqif Ucatayın “Şərəfli insanlar”, Vüqar Quliyevin “Sönmüş ocaq” kimi tabloları da bu müdhiş soyqırımına həsr olunmuşdur. Kitabda onların müqayisəli təhlili verilmiş, forma, kolorit, bədii üslub xüsusiyyətləri dolğun əks etdirilmişdir. 

Kitabın “Mədəni irsə qarşı törədilən soyqırımı” adlanan sonuncu, beşinci fəslində erməni vandallarının məhv etdikləri və ya öz adlarına çıxdığı tarixi-memarlıq abidələrimizdən söz açılır. Belə bir fəslin yazılması incəsənət və mədəniyyətdə soyqırımı mövzusunu hər cəhətdən tamamlayır.

Fundamental nəşrin sonunda rəngli şəkillər yerləşdirilmişdir. Rəssamlıq, heykəltəraşlıq və memarlıq nümunələrindən ibarət olan bu şəkillərdə soyqırımı mövzusu emosional cizgilərlə təcəssüm edilib. Əsərlərin xeyli qismi Azərbaycan rəssamlarına aid olub tariximizin qanlı səhifələrini təsirli bədii vasitələrlə gözlərimiz önündə canlandırır.

Kitabın nəticəsindəki son cümlə onun məramını yığcam ifadə edir: “Biz soyqırımı haqqında danışdıqda, hamımızın səyi yalnız bir məqsəd daşıyır: bu, bir daha təkrar olmamalıdır. Bir daha yəhudi holokostu baş verməməlidir, bir daha atom bombası Xirosima üzərinə düşməməlidir, bir daha ispan Gernikası, Vyetnam Sonqmisi, Belarus Xatını, Ukrayna, Qazaxıstan aclığı təkrarlanmamalıdır, bir daha Azərbaycanda Xocalı faciəsi təkrarlan-mamalıdır”. 

Belə bir kitabın ərsəyə gətirilməsi, onun geniş oxucu kütləsinə çatdırılması, həmçinin ölkədən kənarda yayılması üçün ingilis və rus dillərində  geniş   xülasələrlə  təchiz  edilməsi  müəllif  kollektivinin,   bütövlükdə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun yeni uğurudur.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

"Xalq qəzeti"27 fevral 2017-ci il

http://science.gov.az/news/open/5152