XƏBƏRLƏR
1326 Arxiv

2022.04.28

Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olub

Aprelin 27-də AMEA-nın Əsas binasında “Elm günü”nə həsr edilmiş Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olub.

Sərginin təşkilində məqsəd elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsidir.

AMEA-nın Ümumi yığıncağı çərçivəsində təşkil olunan sərgi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər tanış olublar.

Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının nümayəndələri əldə edilən nailiyyətlər, kitab və monoqrafiyalar, bukletlər, kataloqlar, arxeoloji nümunələr, yüksək məhsuldarlığı ilə seçilən bitki sortları, flora və fauna nümunələri, dezinfeksiyaedici ultrabənövşəyi robot, dronlar, sürtkü yağları, dərman bitkiləri, təbii qida boyaları, ekstraktlar və s. haqqında gələn qonaqlara məlumat veriblər. Həmçinin müəssisələrin nailiyyətləri quraşdırılmış monitorlar vasitəsilə əyani nümayiş etdirilib.

Akademiyanın elmi nailiyyətlərinin sərgisində təqdim olunmuş materiallar maraqla qarşılanıb.

Qeyd edək ki, elmi nailiyyətlər sərgisi aprelin 29-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.