XƏBƏRLƏR
93 Arxiv

2021.12.17

AMEA və ABŞ-ın “EcoHealth Alliance” təşkilatının birgə keçirdiyi seminar öz işini başa vurub

“Azərbaycanda bioloji müdafiə və bioloji nəzarətə çoxsahəli yanaşmaların gücləndirilməsi” mövzusunda onlayn seminar öz işini başa vurub.

Tədbirin ikinci günündə Azərbaycanda yeni yoluxucu xəstəlik riskləri, onlara təsir edən potensial amillər, risklərin xəritələşdirilməsi, azaldılaması üçün görülməsi vacib olan tədbirlər, beynəlxalq və milli təcrübələr kimi məsələlər müzakirə olunub və müvafiq sənədlər hazırlanıb.

Azərbaycanın müxtəlif əlaqədar qurumlarının nümayəndələri, elmi tədqiqat və təhsil müəssisələrinin rəhbər, alim və mütəxəssisləri “EcoHealth Alliance” təşkilatının vitse-prezidenti Kevin Olival və Zoologiya İnstitutunun doktorantı Nicat Həsənovun moderatorluğu ilə aparılan müzakirələrdə fəal iştirak ediblər.

Tədbirə yekun vuran AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iki gün ərzində seminarın gündəliyində duran məsələlərlə bağlı edilmiş məruzələrin və aparılmış müzakirələrin çox faydalı olduğunu vurğulayıb. O, Azərbaycanda biotəhlükəsizliyin konseptual əsaslarının, eləcə də risk amillərinin qiymətləndirilməsi və monitorinqi sisteminin işlənib hazırlanmasının və tətbiq edilməsinin təxirəsalınmaz səciyyə daşıdığını bildirib. Akademik İradə Hüseynova qeyd edib ki, bunun üçün bir sıra elmi və elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, məqsədyönlü, kompleks multidissiplinar tədqiqatların aparılması, aparıcı dövlətlərin təcrübəsinin öyrənilməsi, hüquqi, normativ, metodoloji və terminoloji bazanın yaradılması vacibdir. Bu baxımdan da seminarın gedişində dünəndən aparılan diskusiyalar, fikir mübadilələri vahid konsepsiyanın ayrı-ayrı detallarının işlənilməsi, cilalanması və təməl məqsədlərin müəyyənləşdirilməsi baxımından faydalı olub.

Akademik İradə Hüseynova qeyd edib ki, ümumi biotəhlükəsizlik mənzərəsində 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın möhtəşəm qələbəsi sayəsində hazırda Cənubi Qafqazda yaranmış mövcud əlverişli geosiyasi və iqtisadi vəziyyətin də rolu mütləq nəzərə alınmalıdır. O, 30 ilə yaxın işğal altında qalmış torpaqlarda Ermənistan tərəfindən həyata keçirilmiş ekoloji terror, müəyyən təhlükəsizlik təhdidlərinin bu gün də davam etməsi, regiona elmin qayıdışı, aparılan monitorinqlər və bərpa tədbirləri haqqında içtirakçıları məlumatlandırıb.

Natiq bütün aidiyyatlı qurumların nümayəndələrinin cəlb olunması ilə bu cür və bundan daha geniş tərkibdə müvafiq tədbirlərin təşkilini dövrün tələbi adlandırıb.

Sonda akademik İradə Hüseynova bu vacib tədbirin təşkilinə görə başda Dr.Kevin Olival olmaqla “EcoHealth Alliance” təşkilatına və bütün iştirakçılara təşəkkürünü bildirib.

https://science.gov.az/az/news/open/19209