XƏBƏRLƏR
200 Arxiv

2021.12.09

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi Şurasının və AMEA Zoologiya İnstitutunun Elmi şurasının birgə iclası keçirilib

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurası və Zoologiya İnstitutunun Elmi şurasınınbirgə iclası keçirilib. İclas Zoologiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekununa həsr olunub.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları salamladıqdan sonra sözü hesabat məruzəsi ilə çıxış etmək üçün institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazova verib. Məruzəçi cari ildə “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” istiqaməti üzrə 4 problem, 10 mövzuya aid 34 elmi tədqiqat işinin yerinə yetirildiyini, onlardan 1 iş və 109 mərhələnin yekunlaşdığını qeyd edib. Ələddin Eyvazov hesabat ilində institut əməkdaşları tərəfindən Xəzərin müxtəlif sahələrində infuzor birliklərinin növ müxtəlifliyinin müqayisəli analizlərinin və sərbəst yaşayan ibtidai birliklərinin strukturuna görə ətraf mühitin keyfiyyətinin ilkin qiymətləndirilməsinin aparıldığını, tədqiqat müddətində Abşeronun sahil sularında müxtəlif ekoloji qruplara daxil olmaqla 15 fəsiləyə aid 29 növ infuzorun qeydə alındığını bildirib.

Məruzəçi Stylurus ubadschii (Gompidae, Odonata) növününAzərbaycan faunası üçün ilk dəfə qeyd edildiyini xüsusi vurğulayıb. Elm üçün 4 yeni otbiçən və 1 hörümçək (Dysderidae fəsiləsi) növünün təsvir olunduğu barədə məlumat verib. İlk dəfə olaraq çoxalma mövsümünün sonunda (payız) təbiətdən ovlanmış Levant gürzələrinin süni şəraitdə cütləşmə olmadan mövsümdən kənar vaxtda, qış aylarında (dekabr-fevral) yetişmiş embrionları olan yumurtalar qoyması faktları aşkar edilib. Bu faktlar dişinin yumurta borusunda payız cütləşməsindən sonra qalmış sperma materialının uzun müddətə saxlandığını və ya mayalanmış yumurta hüceyrələrinin payızda əlverişsiz hava şəraiti olduğundan embrional diapauza mərhələsinə keçdiyini sübut edir.

Məruzəçi cari ildə Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin hazırlanması üzrə yaradılan işçi qrupun mütəxəsissləri tərəfindən Azərbaycanın müxtəlif ərazilərində geniş tədqiqatlar aparıldığını vurğulayaraq “Qırmızı Kitabı”nın III nəşrinə, nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsi planlaşdırıldığını bildirib.

Ümumilikdə 128 elmi əsərin, o cümlədən 55 məqalə, 56 tezis, 4 monoqrafiya (1-i xaricdə), 13 adda buklet və flayerin nəşr edildiyi vurğulanıb. Onlardan 41 məqalə və 27 tezis xarici jurnallarda nəşr olunub. Bu məqalələrdən 23-ünün Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda dərc edildiyini söyləyən direktor, cari ildə institut əməkdaşlarının elmi əsərlərinə istinadların olduğunu, əməkdaşların dəfələrlə yerli və xarici konfranslarda məruzələrlə çıxış etdiklərini bildirib. Ələddin Eyvazov cari ildə qrant layihələri, imzalanan müqavilələr, gələcək planlar və perspektivlər haqqında da ətraflı məlumat verib. AMEA Zoologiya İnstitutunun 85 illiyinə və akademik Musa Musayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan, “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” mövzusunda keçirilmiş elmi-praktik konfransın materiallarının çapdan çıxdığını qeyd edib.

Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər verilib. Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq rəhbərliyə və əməkdaşlara tapşırıq və tövsiyələrini bildirib. Yekunda müəssisənin fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul olunub.

İclasın sonunda akademik İradə Hüseynova tərəfindən AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovaya anadan olmasının 70 illik yubeliyi münasibəti ilə BTEB-in Fəxri fərmanı təqdim edilib.