XƏBƏRLƏR
3419 Arxiv

2016.03.04

Zoologiya İnstitutunun Müdafiə Şurasının növbəti iclası keçirilib

04.03.2016-cı il tarixində AMEA Zoologiya İnstitutunda Müdafiə Şurasının növbəti iclası keçirilib.  Iclasda Helmintologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qara Fətəliyevin biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda vəhşi məməlilərin (dovşankimilər, gəmiricilər, yırtıcılar, cütdırnaqlılar) helmint faunasının bioekoloji xüsusiyyətləri və formalaşması yolları” mövzusunda məruzəsi dinlənilib.

Q.Fətəliyev tərəfindən 1981-2015-ci illər ərzində Azərbaycanda ilk dəfə olaraq bütün təbii vilayətlər üzrə vəhşi məməlilərin helmint faunasının bioekoloji xüsusiyyətləri və onun formalaşması yolları geniş şəkildə öyrənilib. Tədqiqat zamanı müxtəlif xüsusiyyətlərə malik landşaft-ekoloji zonalardan 1415 vəhşi məməli heyvan tədqiq edilib və onlarda 144 növ helmint aşkar olunub.

İşin nəticələri parazitoloji istiqamətli fənlərin tədrisində, epidemioloji və epizootoloji əhəmiyyət kəsb edən helmintoz törədicilərinə qarşı profilaktik mübarizə tədbirlərinin işlənib hazırlanmasında və vəhşi məməli heyvanların növ müxtəlifliyinin qorunub saxlanması məqsədilə tədbirlər hazırlanarkən istifadə olunacaqdır.