Parazit sahib münasibətlərinin biokimyası laboratoriyası

Parazit sahib münasibətlərinin biokimyası  laboratoriyası

LABORATORİYA HAQQINDA

Laboratoriya 1985-ci ildə AMEA-nın akademiki, baytarlıq elmləri doktoru, professor Musa Əbdürəhman oğlu Musayevin təşəbbüsü ilə “Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları" laboratoriyası adı ilə yaradılmışdır. Laboratoriyaya 2007-cı ilə qədər biologiya  elmlər doktoru, professor Yaqub Yamin oğlu Yolçiyev, 2017-ci ilin əvvəllərinə qədər biologiya üzrə fəlsəfə doktoru Elşad İlyas oğlu Əhmədov rəhbərlik etmişdir. 2017-ci ilin martında “Protozoologiya” şöbəsinin tərkibində fəaliyyət göstərən “Protistologiya” və “Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları” laboratoriyaları “Protozoologiya” laboratoriyası adı altında birləşdirilmişdir. 2022-ci ildə laboratoriya “Protozoologiya” laboratoriyasından ayrılaraq “Parazit-sahib münasibətlərinin biokimyası” laboratoriyası adı altında fəaliyyət göstərməyə başlamışdır. Laboratoriyaya biologiya elmlər doktoru, dosent Əhmədov Elşad İlyas oğlu rəhbərlik edir.

Hazırda laboratoriyada 7 əməkdaş çalışır. Onlardan 2-si biologiya elmlər doktoru, 3-ü biologiya üzrə fəlsəfə doktoru, 1-i kiçik elmi işçi, 1-i baş laborantdır. 

LABORATORİYANIN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Parazitozlar zamanı yaranan parazit-sahib münasibətlərinin biokimyəvi, molekulyar-genetik və immunoloji aspektlərinin tədqiqi; bağırsaq parazitlərinin törədicilərinə qarşı tətbiq edilən preparatların təsir mexanizminin öyrənilməsi; parazitlərin həyat tsiklinin müxtəlif mərhələlərində yaranan parazit-sahib əlaqələrinin struktur, biokimyəvi, molekulyar-genetik və immunoloji aspektlərinin tədqiqi; heyvanlarda və quşlarda təsadüf edilən bir - və çoxhüceyrəli endoparazitlərin fauna müxtəlifliyinin formalaşma yollarının tədqiqi; heyvanların və quşların parazit faunasının növ tərkibinin, parazit faunasının formalaşma proseslərinin biokimyəvi və genetik aspektlərinin tədqiqi; parazitozlara qarşı mübarizənin elmi əsaslarının hazırlanması.

LABORATORİYANIN ƏSAS ELMİ NƏTİCƏLƏRİ

Eimeria və Sarcocystis cinslərinə aid parazitlərdə və onların sahibləri olan ev toyuqlarında, qoyunlarda, camışlarda maddələr mübadiləsinin bəzi komponentləri müqayisəli surətdə geniş tədqiq edilmişdir. Bu tədqiqatlar nəticəsində koksidilərin sahibin maddələr mübadiləsinə təsir mexanizmləri nəzəri cəhətdən əsaslandırılmış, biokimyəvi göstəricilərə görə "parazit-sahib" sisteminin oxşar və fərqli cəhətləri müəyyənləşdirilmiş, antieimerioz preparatların effektivliyinin qiymətləndirilməsi metodları işlənib hazırlanmışdır. Xəstəlik və müalicə zamanı qanda ümumi zülalın, zülal fraksiyalarının, sərbəst amin turşularının, lesitinin, xolesterinin və ümumi yağların miqdarı, qaraciyәrdә azot göstәricilәri, bağırsaqda turş vә qələvi fosfatazaların aktivliyi öyrənilmişdir.

Amin turşularının bəzi alkil törəmələrinin (N-amidopropilqlisin, N-amidopropilmetionin və N-vinilxlormetionin) ev toyuqlarının koksidiozunun (Eimeria tenella) gedişinə təsiri öyrənilmiş və müəyyən edilmişdir ki, alkil törəmələri qan zərdabında və qaraciyərdə ümumi zülalın və ayrı-ayrı zülal fraksiyalarının azalmasının qarşısını alır, qlobulinlərin artmasını sürətləndir, aminotransferaza və dehidrogenaza fermentlərinin fəallığını, cücələrin sağ qalma faizini və çəki artımını tənzimləyir.

Aparılan tədqiqatlar nəticəsində “Koksidi kulturalarının təmizlənilməsi üsulu”, "Koksidiozlara qarşı tətbiq edilən preparatların terapevtik fəallığının təyin edilməsi üsulu" ixtira edilmiş, "Bakterisid və antiparazitar təsir göstərən “REOR - 49 N-sianetil b,b/-ditiobis (a-amino-propion turşusunun turşusunun) monoetil efiri" və “Qapalı şəraitdə yetişdirilən quşların məhsuldarlığının artırılması” işlərinə patent alınmışdır. Kənd təsərrüfatı heyvanlarının və quşların eimeriozlarının diaqnostikası, profilaktikası və aradan qaldırılmasına yönəlmiş 30-a qədər praktiki tədbirlər, müvəqqəti təlimatlar hazırlanmış, nəzəri işlərin nəticələri istehsalatda tətbiq edilmişdir.

İlk dəfə baytarlıq təbabətində amin turşuların alkil törəmələrinin antieimerioz təsirə malik olduğu müəyyənləşdirilmiş, sahib heyvanların orqanizminin biokimyəvi göstəricilərinə, yaşamalarına, çəki artımına, parazitin reproduktivliyinə əsasən aminturşu törəmələrinin quşların eimeriozu ilə mübarizədə perspektiv dərman preparatı ola biləcəyi əsaslandırılmışdır.

Ev toyuqlarının eksperimental eimeriozu (E.tenella) və onun Baykoks preparatı və onun dərman bitkilərinin kombinasiyası ilə müalicəsi zamanı aminturşu mübadiləsində, transaminaza qrupundan olan fermentlərin fəallığında baş verən dəyişkənliklər müəyyənləşdirilmiş, parazit-sahib münasibətlərinin biokimyəvi mahiyyətinin bəzi məsələləri nəzəri cəhətdən əsaslandırılmışdır. Baykoks ilə acı yovşanın kombinasiyasının ev toyuqlarının eimeriozunun müalicəsində istifadə sxemləri təklif edilmiş, yerli toyuq cinslərinin koksidilərə qarşı dözümlülüyü öyrənilmişdir.

Azərbaycanın bir-birindən fiziki-coğrafi xüsusiyyətlərinə görə fərqlənən rayonlarında qoyunların cinsindən, cinsiyyətindən, yaşından və saxlama şəraitindən asılı olaraq sarkosporidilərlə yoluxma ekstensivliyi və intensivliyi, sahibin və parazitin zülal mübadiləsində baş verən dəyişkənliklər öyrənilmişdir.

Arı zəhərinin IR, UV-VIS spektrləri, temperaturun zəhərin spektral xüsusiyyətlərinə təsiri öyrənilmişdir. Arı zəhərində fosfoliraza A və hialuronidazanın aktivliyi tədqiq edilmişdir.

Böyük Qafqazın Azərbaycan ərazisində ev donuzlarında parazitlik edən balantidi və koksidilərin növ tərkibi, yoluxma ekstensivliyi və intensivliyi tədqiq edilmişdir.

Ev quşlarının – qaz (Anser anser domesticus), hind toyuğu (Meleagridis dallopavano), ördək (Anas platyrhynchos domesticus) və Coturnix cinsinə aid bildir­çin­lərin koksidiofaunasının növ tərkibi dəqiqləşdirilmişdir. Ev quşlarında 19 növ koksidi müəyyən olunmuşdur ki, bu parazitlərin 13 növü Azərbaycanda ilk dəfə tapılmışdır. E.bateri oosistalarının zülal tərkibi, qlutamatde­hid­ro­genaza, aspar­tat- və alaninamino-transferaza fermentlərinin aktiv­liyi öyrənilmişdir. Keçilərdə 7 növ koksidi, qoyunlarda  isə  Eimeria cinsinə aid 8 növ, 1 növ isə Isospora  sp. aşkar edilib. Qoyunların qanının limfositlərində Theileria ovis paraziti şizoqoniya mərhələsində tapılmışdır. İnəklərin əzələlərdən S.cruzi, qanından isə Piroplasma cinsinə aid Babesia sp. tapılıb.

KADR POTENSİALI

LABORATORİYA MÜDİRİ BAŞ ELMİ İŞÇİLƏR APARICI ELMİ İŞÇİLƏR

BÖYÜK ELMİ İŞÇİLƏR

KİÇİK ELMİ İŞÇİLƏR  BÖYÜK LABORANT

b.e.d. Əhmədov Elşad İlyas oğlu

b.e.d., prof. Topçiyeva Şəfiqə Ənivərovna

b.ü.f.d., dos. Həsənova Jalə Vasif qızı

b.ü.f.d., dos. Məmmədova Fəridə Zöhrab qızı
b.ü.f.d. Hacıyeva Nuranə Əli qızı  Səmədova Sevda Oktay qızı  Məmmədova Südabə           Məhəmməd qızı