NEWS
206 Archive

2019.11.13

Zoologiya İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş illik hesabat iclası keçirilib

13 noyabr 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin iştirakı ilə institutun 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş illik hesabat iclası keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, biologiya elmləri doktoru, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov  və bölmənin elmi katibi aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov iştirak ediblər.

İnstitutun direktoru f.ü.f.d., dosent Elman Yusifov institutda aparılan elmi tədqiqat işləri və alınan nəticələr haqqında ətraflı məlumat verib. O, İnstitutda “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi və məlumat bazalarının yaradılması” istiqaməti üzrə 3 problem, 10 mövzuya aid 40 elmi tədqiqat işinin yerinə yetirildiyini qeyd edib. Bildirilib ki, İnstitut əməkdaşları tərəfindən Cənubi Qafqaz faunası üçün elm üçün yeni olan ilan növünün təsviri verilib və tədqiqatın nəticələri Web of Science və Scopus bazasında olan Peer J jurnalında çap edilib. 5 nadir məməli növünün: Cervus elaphus Linnaeus, 1758 (Nəcib maral);  Rupicapra rupicapra Linnaeus, 1758 (Qafqaz köpgəri); Capra aegagrus Erxleben, 1777 (Bezoar keçisi), Ovis orientalis Gmelin (Asiya muflonu), 1774 və Ursus arctos L., 1758 (Qonur ayı) növlərinin yaşayış yerləri modelləşdirilib və GİS xəritələri hazırlanıb. Hesabat ilində institut əməkdaşları tərəfindən ümumilikdə 109 olmaqla 63 məqalə, 40 tezis, 1 dərs vəsaiti (xaricdə), 3 monoqrafiya (1 xaricdə), 2 kitabça çap olunub. Onlardan 49 məqalə və 31 tezis xarici (o cümlədən 9-u impakt faktorlu) jurnallarda nəşr edilib, əməkdaşların elmi əsərlərinə 32 istinad olunub. Cari ildə “Azərbaycan faunasının taksonomik spektrinin (onurğalılar)” hazırlanması üçün 130 növ balığın, 11 növ amfibinin, 62 növ sürünənin, 405 növ quşun, 115 növ məməlinin, Azərbaycana gətirilmiş  və iqlimləşdirilmiş 11 növün, Azərbaycana gətirilməsi və iqlimləşdirilməsi üzrə məlumat olmayan 14 növün, Azərbaycana gətirilmiş və süni mayalandırma yolu ilə artırılan 5 növün inventarizasiyası aparılıb, bəzi növlərin adına yenidən baxılaraq onların elektron və çap variantı hazırlanıb, baxılması üçün Terminologiya Komissiyasına göndərilib.

İnstitut direktoru həmçinin, institutun digər elmi və elmi-təşkilati fəaliyyəti haqqında da ətraflı məlumat verib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrdən sonra  yekun olaraq AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və AMEA-nın müxbir üzvü Nuru Bayramov institut fəaliyyətini müsbət qiymətləndirərək öz tövsiyələrini veriblər.

Sonda institutun illik elmi-təşkilati fəaliyyəti  institutun Elmi Şurasının qərarı ilə yekdilliklə  qəbul edilib.