NEWS
1909 Archive

2016.12.22

“Milli faunamız uşaqların gözü ilə" rəsm müsabiqəsinin sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçirildi

22 dekabr Mərkəzi Elmi Kitabxanada AMEA-nın Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunan "Milli faunamız uşaqların gözü ilə" rəsm müsabiqəsinin sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.

Sərgi Zoologiya İnstitutunun və "Əlifba" Tədris Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə  Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Elşad Əhmədov açdı. O, gənc nəslin təbiəti tanıyıb, qorumasının əhəmiyyətini vurğulayıb, bu cür tədbirlərin labüdlüyünü qeyd etdi. Həmçinin, iqlim dəyişikliyinin baş verdiyi indiki dövrdə ətraf mühiti qorumağın vacibliyini diqqətə çatdıran E.Əhmədov gənc rəssamların sərgi müsabiqəsinə təqdim etdikləri əsərləri yüksək qiymətləndirdi. Azərbaycan gənclərinin geniş bacarıq və istedada malik olduğunu  tədbir iştirakçilarının nəzərinə çatdırdı. Sonra "Əlifba" Tədris Mərkəzinin direktoru Sevda Əliyeva çıxış edərək, sərginin təşkilinə görə Zoologiya İnstitutuna təşəkkürünü bildirdi.

Qeyd edək ki, Müsabiqədə 28 uşaq öz rəsmi ilə iştirak etmişdir. Uşaqların təxəyyülünün bəhrəsi olan rəsmlər, münsiflər tərəfindən qiymətləndirilmişdir. İlk üçlüyə layiqli rəsmlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Arif Qazıyev tərəfindən dəyərləndirildi. Müsabiqədə iştirak edən hər bir uşaq AMEA Zoologiya İnstitutunun Sertifikatı və Zoologiya İnstitutu adından hədiyyə ilə təltif olundu..

Açılışdan sonra, qonaqlar sərgiyə baxıb, "Əlifba" Tədris Mərkəzinin hazırladığı rəqs kompazisiyasına tamaşa etdilər. Bundan başqa uşaqlara Azərbaycanın füsunkar təbiətini əks etdirən eksponatlar barədə məlumat verildi.

Tədbirin əsas məqsədi Milli faunamızı uşaqlara sevdirməkdir.