NEWS
947 Archive

2024.01.17

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Lənkəran Regional Elmi Mərkəzi illik hesabat veriblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2023-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, eləcə də Səhiyyə, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin nümayəndələri, bir sıra tibbi müəssisələrin direktorları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, həmçinin ali təhsil və tibb müəssisələrində 2023-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib. Alim AMEA-da həyata keçirilən islahatlar barədə danışaraq müasir elmin çağırışlarına müvafiq olaraq aparılan tədqiqatların, qazanılan yeni elmi nailiyyətlərin müstəqillik dövrü Azərbaycan elminin uğurları olduğunu söyləyib.

Akademik İsa Həbibbəyli AMEA-da müstəqil Azərbaycan dövlətinin çağırışlarına müvafiq olaraq, yeni elmi nəslin yetişdirilməsinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə fəaliyyətin gücləndirilməsinin önəmini vurğulayıb. O, həmçinin tədbirdə yeni ensiklopediya və tibbi lüğətlərin tərtib olunması ilə bağlı tövsiyələrini səsləndirib. AMEA rəhbəri gələcəkdə BTEB-in hesabatlarına sahibkarların da dəvət olunmasının elmin kommersiyalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 https://science.gov.az/az/news/open/27729