NEWS
1897 Archive

2020.01.17

Zoologiya İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

17 yanvar  2020-ci il tarixində AMEA-nın Zoologiya İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. İclasın əvvəlində 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı olduğunu qeyd edərək, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunmasını, həmin qanlı hadisələrin Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərdiyini qeyd edib.

Sonra söz Hidrobiologiya laboratoriyasının müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Adil Əliyevə verilib. O, Azərbaycan xalqının öz canından keçməsi hesabına özünün azadlığı, müstəqilliyi uğrunda mübarizə aparıb və qəhrəmanlıq nümayiş etdirməsi, bununla da Şəhidlik zirvəsinə ucalması haqqında söhbət açıb.

Daha sonra Parazitologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Qara Fətəliyevə çıxış edərək, 1990-cı il yanvarın 20-də sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıqla həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət, eyni zamanda, bəşər tarixinin ən qanlı terror aktlarından biri olduğunu qeyd edib.

Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Səliqə Qazi isə həmin günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığını, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirərək şərəf və qəhrəmanlıq səhifəsi açdığını qeyd edib.

Tədbirdə həmçinin, Quru onurğalıları laboratoriyasının kiçik elmi işçisi Günay Mustafayeva da çıxış edib. O, qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən və müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən danışıb.

Tədbir 20 yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə yekunlaşıb.

Tədbirdən sonra institut əmkdaşları Şəhidlər Xiyabanına gedərək Vətənimizin  müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman övladlarının əziz xatirəsini yad edərək məzarlarını ziyarət ediblər.