НОВОСТИ
873

2021.04.15

Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizində aparılan monitorinqlərdə iştirak edib

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və SOCAR-ın mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 2021-ci ilin 31 mart-9 aprel tarixlərində Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən neft-qaz yataqlarının Xəzər dənizinə və eləcə də ətraf mühitə təsirinin müəyyənləşdirilməsi, dənizin hidroloji və hidrokimyəvi vəziyyətini, bioloji ehtiyatlarını öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə olunması məqsədilə Nazirliyin "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə kompleks tədqiqatlar və monitorinqlər keçirilib.

AMEA-nın Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov həmin ekpedisiyada iştirak edib. Monitorinq çərçivəsində balıq ehtiyatlarının vəziyyətinin öyrənilməsi məqsədilə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisində tral çəkmə qurğusu ilə uzunluğu 24,7 m olan dib tralı vasitəsilə balıq ovunun sınaqları təşkil edilib. Bununla əlaqədar olaraq 2021-ci ilin 4 aprel tarixində Cənubi Xəzərin Azərbaycan hissəsinin Neftçala rayonunun sahilboyu akvatoriyasında (Salyan reydində) 10-12 m-lik dərinliklərdə tral çəkilişləri həyata keçirilib, sınaqlar zamanı tralla balıq ovunun uğurla həyata keçirilməsi və tralın işlək vəziyyətində olduğu təsdiq edilib. Xəzər dənizində balıq ehtiyatlarının öyrənilməsi məqsədilə yay aylarında (iyul-avqustda) nəzərdə tutulmuş elmi-tədqiqat işlərində balıq ovunun təşkili məqsədəuyğun hesab edilir.