Yeniyetmə qız diri ilanı necə udmuşdu?


A- A A+

Hörmətli oxucular, yəqin ki, sizə təəccüblü görünür, necə ola bilər ki, adam diri ilanı udsun! Hər-halda, bunun əksi, yəni ilanın adamı udması daha inandırıcı görunə bilər. Çünki, nəhəng anakonda və ya piton ilanları, həqiqətən də, təsadüfi hallarda, qeyri-adi vəziyyətlərdə, məsələn uzun müddət ac qalarsa və aqressiv olarsa, adamı sarınaraq boğub öldürə, hətta uda da bilər. Bəs necə olur ki, adam diri ilanı udur? Bəli, belə hallar da olur, adam ya bilərəkdən, ya da təsadüfən, özü də istəmədən ilanı udmalı olur! Haqqında bəhs edəcəyimiz bu nadir hadisə məhz, Azərbaycanda baş verib!

Çox maraqlı olan bu hadisəni, indi, təfsilatı ilə nəql edək.1987-ci ilin ilkin payız vaxtı idi.Bizim ilan (gürzə) zəhəri istehsal edən Mərkəzimiz Bakı şəhəri ətrafında, Zirə qəsəbəsi yaxınlığında yerləşirdi.Bir gün Əzizbəyov rayon partiya komitəsindən telefonla zəng edib bildirdilər ki, Sovetlər İttifaqının mərkəzi və baş mətbuat orqanı olan «Pravda» qəzetinin Azərbaycan üzrə müxbiri Zaur Qədimbəyov məni axtarır və maraqlı bir hadisəyə elmi şərh verilməsini istəyir. Görüşdük. Zaur müəllim bildirdi ki, Bakı şəhərindəki «Ana və Uşaq» xəstəxənasının kafedra müdiri, professor Axundov (təəssüf ki, adı yadımda deyil) Sabirabad, yoxsa Saatlı rayonundan xəstəxanaya gətirilmiş 12-13 yaşlı qız uşağının mədəsindən gürzə ilanı çıxartmışdır. Həmin ilan spirtin içərisində fiksə olunmuş halda, şüşə kolbada hələ də kafedrada saxlanılır.Professorun söylədiklərinə görə qız açıq sahədə, tarla kənarındakı ağacın altında yatıbmış, atası isə sahədə işləyirmiş. İlan torpaq üstündə uzanıb yatmış qızın ağız boşluğuna girmiş, uşaq oyansa da, qorxmuş, ilan isə boğaz nayihəsindən keçərək mədəyə düşmüşdür. Qızın qışqırtısını eşidən ata əvvəlcə uşağın söylədiklərinə inanmasa da, sonda onu Bakıya xəsətəxanaya gətirməli olub. Xəstəxanada təcili olaraq mədəni yumaq üsulu ilə ilanı uşağın mədəsindən xaric etmişlər.«Qəhrəman» qız isə şad və xürrəm atası ilə birgə geri qayıtmışdır. Təbii ki, uzun müddət havasız və mədə mühitində qalmış ilan isə, artıq, ömüşdü.

Zaur müəllim məndən soruşdu:- «Axı bu, necə ola bilər?» Öncə bildirdim ki, həmin ilan gürzə ola bilməzdi, çünki, gürzə zəhərli ilandır, insanla təmasdan qaçır, həmin anda qızın azacıq tərpənişi kifayət edərdi ki, gürzə təhlukə hiss etsin və qızı sancsın. Bu isə, uşaq üçün faciə ilə nəticələnə bilərdi. Deməli, qızın udduğu ilan gürzə deyil. «Bəs hansı ilan ola bilərdi?» - deyə Zaur müəllim yenidən soruşdu. Əlbəttə, bunu dəqiq bilmək üçün həmin ilana baxmaq lazım idi. Bəli, «Ana və Uşaq» xəstəxənasına yola düşdük. Xəsətəxanada bizi kafedra müdiri, professor Axundov qarşıladı. Yeniyetmə qızın mədəsindən çıxarılmış ilanı şüşə kolbada bizə göstərdilər. Bu, damilanı idi! Aciz, zəhərsiz, insanla təmasdan çəkinməyn, çox vaxt bağlarda, həyətlərdə, hətta evlərdə də rast gəlinən ziyansız ilan növüdür. İnsan toxunduqda sancmağa belə cəhd etmir. Bu ilanların bir maraqlı xüsusiyyəti də onların hannibal olmalarıdır, yəni öz həmcinsləri ilə də qidalanırlar. Ölçüləri də kiçikdir və 60-70 sm-dən çox olmur. Bəli, ilanı səliqə ilə kolbadan çıxarıb uzunluğunu ölçdüm. 53 sm idi. Ən maraqlısı isə, bu ilan başqa bir ilanı da udubmuş! Çünki, ilanın ağız boşluğundan bayırda udduğu ilanın nazik quyruğu görünürdü. Həmin ilanı çəkib çıxardıqda məlum oldu ki, bu da kiçik bir damilanıdır. Deməli, qızın udduğu damilanı yenicə öz həmcinsi ilə qidalanıbmış. Bütün ilanlara xas olan bir xüsusiyyət də vardır ki, qidalandıqdan sonra ilanlar öz qidasını sakit və rahat həzm etmək üçün gizlənməyə sığıncaq axtarırlar.Yenicə qidalanmış damilanı da belə bir sığınacaq axtarışında olub və ağacın altında uzanıb yatmış qızcığaza rast gəlmişdir. İlan yatmış uşağın ağız boşluğunu siçan yuvası və ya oyuq bilib gizlənmək üçün oraya girməyə çalışmışdır. Bu zaman uşağın oyanması ilanı qorxutmuşdur. Qorxmuş ilan isə özünü ağız boşluğuna, boğaz nayihəsinə pərçim etmişdir. İlanın boğaz hissəsinə keçməsi uşaqda təbii, qeyri - ixtiyari udqunmaya səbəb olmuş və qız ilanı udmuşdur.

Sual oluna bilər: «Bəs ilan qızın mədəsindən çıxarılmasaydı nə baş verərdi?»Təbii ki, onda uşağın həzm orqanları öz «işlərini» görəcəkdilər və ilan qismən həzm olunardı, nəticədə qida zəhərlənməsi, həzm orqanlarının zədələnməsi və sair xoşagəlməz fəsadlar baş verə bilərdi. Xoşbəxtlikdən, bu nadir hadisə fəsadsız və ziyansız ötüşmüş, yeniyetmə qızın sağlamlığı üçün heç bir təhlükə yaranmamışdır. Bu izahatdan sonra həmin hadisə barədə «Pravda» qəzetində Zaur müəllimin məlumatı dərc olundu.

Əziz oxucular, bu hadisəni yazmaqda məqsəd odur ki, açıq çöllük ərazidə olarkən diqqətli və ehtiyatlı olasınız. Onda, ilanlar sizi narahat etməz və oxşar hadisələrlə qarşılaşmazsınız! Yox, əgər belə etməsək, baş verə biləcək xoşagəlməz hallar üçün günah ilanlarda deyil, özümüzdə olacaqdır!

Biologiya üzrə fəlsəfə doktoru,

Təvəkkül İsgəndərov

: 286


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.