Müstəqil Azərbaycanda intellektual tərəqqi hərəkatının son 5 ili: Hakimiyyətlə intellektin vəhdəti


Yeni nəşrlər
A- A A+

Bu il bütün müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü tamam olur. Ölkəmizin qədim dövlətçilik ənənələrinə malik olmasının nəticəsidir ki, yüz il bundan əvvəl, 1918-ci ildə bütün müsəlman dünyasında ilk demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət idarəetmə mədəniyyətinin, müasir tipli elm və təhsil infrastrukturunun, milli-ideoloji düşüncə standartlarının bərqərar olmasında müstəsna rol oynamışdır. Ona görə də bu yubiley yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk və İslam dünyası üçün olduqca əlamətdar bir hadisədir. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi, eləcə də ölkəmizdə və xaricdə silsilə tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ilin “Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı tarixi Sərəncam imzalamışdır. 

Xalqımızın dövlətçilik ənənələrini, azadlıq, müstəqillik eşqini öz qəlbində daim yaşatmasının nəticəsidir ki, 70 illik sovet hakimiyyətindən sonra Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etmiş, bütün çətinliklərə baxmayaraq, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində onu qoruyub saxlamağa nail olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq qurulan müstəqil Azərbaycan artıq otuz ilə yaxın bir müddətdə öz strateji hədəflərinə doğru inamla addımlamaqda, dünya birliyinin bərabərhüquqlu üzvü kimi beynəlxalq aləmə inteqrasiya olunmaqda, sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf etməkdədir. 

Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son on beş illik tarixi bilavasitə Azərbaycan Respublikasının Prezidenti, hazırda dünya siyasi liderləri sırasında intellektual potensialına görə xüsusilə fərqlənən, müasir imicli siyasi xadim kimi böyük nüfuza malik olan cənab İlham Əliyevin adı ilə bağlıdır. Dövlətçilik ənənələri baxımından olduqca əlamətdardır ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi həm də cənab İlham Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin on beşinci ilinin tamam olduğu bir vaxta təsadüf edir.

Təbii ki, hər bir tarixi mərhələnin tamam olması bir tərəfdən həmin dövrün dəyərləndirilməsini, obyektiv qiymətləndirilməsini, digər tərəfdən isə növbəti inkişaf mərhələsi üçün perspektivlərin müəyyənləşdirilməsini tələb edir. Bizim bu məqalədə əsas məqsədimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on beş il ərzində Azərbaycan elminin inkişaf tendensiyalarını, müxtəlif istiqamətlər üzrə bu sahədə görülən işləri, həyata keçirilən tədbirləri, əldə olunan nailiyyətləri nəzərdən keçirməkdir. Cənab İlham Əliyev on beş il bundan öncə Prezidentlik fəaliyyətinə başlayarkən “Neft kapitalını insan kapitalına çevirməliyik!” devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etdi. Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, son on beş ildə ölkənin sosial-iqtisadi, mədəni-mənəvi tərəqqisinə adekvat olaraq ardıcıl və sürətlə inkişaf edən istiqamətlərdən biri elmi fəaliyyət sahəsi olmuşdur. Bu illər ərzində istər elmin maddi-texniki bazasının gücləndirilməsi, istər onun infrastrukturunun müasir tələblər səviyyəsində təşkili, istərsə də elmin prioritetlərinin dünya elminin inkişaf tendensiyaları və ölkənin tələblərinə uyğunlaşdırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətər əldə edilmişdir.

Hesab edirik ki, son on beş ildə elmi fəaliyyət sahəsinin hərtərəfli təhlili, bu illər ərzində həyata keçirilən çoxsaylı tədbirlərin sistemli şəkildə təqdimi, bu istiqamətdə əldə edilmiş nailiyyətlərin müəyyənləşdirilməsi üçün həmin mərhələyə ayrılıqda götürülən üç beşillik üzrə nəzər salmaq daha məqsədəuyğundur.

2003-2008-ci illər: “neft kapitalının insan kapitalına çevrilməsi” sosial-iqtisadi inkişafın əsas formulu kimi

2003-2008-ci illər müasir Azərbaycanın tarixində müstəqil dövlət quruculuğu baxımından mühüm əhəmiyyətə malik ayrıca bir mərhələdir. Məhz 2003-cü ildən başlayaraq cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi siyasətə uğurla rəhbərlik etməyə başladı. Davamlı sosial-iqtisadi inkişafa nail olunması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun sürətlə artması, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyin ardıcıl olaraq güclənməsi, dünya enerji təhlükəsizliyində ölkəmizin rolunun genişlənməsi, sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı Dövlət proqramları və konsepsiyaların uğurla həyata keçirilməsi ilə Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli uğurlar əldə edildi. Nəticədə, 2003-2008-ci illərdə Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünya dövlətləri arasında ön sıralara yüksəldi, ən müxtəlif parametrlər üzrə real rəqəmlərdə əks olunan göstəricilərinə görə isə regionun lider dövlətinə çevrildi. Belə bir şəraitdə elmi fəaliyyət sahəsində müşahidə olunan inkişaf tempi getdikcə sürətlənməyə və özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoymağa başladı.

2003-2008-ci illərdə Azərbaycan elminin inkişafını şərtləndirən mühüm amilləri aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq mümkündür:

1. Elmin inkişafının dövlət siyasətinin strateji əhəmiyyətli prioritetlərindən birinə çevrilməsi;

2. Ölkənin sosial-iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsində insan kapitalının prioritet istiqamətlərdən biri olaraq dövlət siyasəti səviyyəsində təsbiti;

3. Dövlət və vətəndaş cəmiyyəti quruculuğunda elmin yerinin və rolunun müəyyənləşdirilməsi; 

4. Bütün bunların nəticəsi olaraq dövlətin elmi fəaliyyət sahəsində aşağıda qeyd olunan istiqamətlərdə mühüm tədbirləri həyata keçirməsi:

alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, elmi fəaliyyətin stimullaşdırılması və elmin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi;

elmi kadr potensialının gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin gerçəkləşdirilməsi;

humanitar siyasət sahəsində uzunmüddətli layihələrə start verilməsi;

elmi potensialın dövlət siyasətinin, xüsusən milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində yaxından iştirakı.

Məlumdur ki, elmi fəaliyyət sahəsində ən mühüm amillərdən biri onun lazımi səviyyədə və effektiv mexanizmlər əsasında maliyyələşməsinin, maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsidir. Ötən əsrin doxsanıncı illərinin ortalarından ümummilli lider Heydər Əliyev tərəfindən start verilən bu istiqamətdəki tədbirlər 2003-cü ildən ardıcıl olaraq davam etdirilməyə başlandı, alimlərin şərəfli və ağır fəaliyyətinin stimullaşdırılması sahəsində ölkə başçısı tərəfindən bir sıra mühüm sərəncamlar verildi. Konkret olaraq, 2005 və 2006-cı illərdə alimlərin əməkhaqları və doktorantların təqaüdləri, 2007-ci ildə isə AMEA-nın həqiqi və müxbir üzvlərinin rütbə maaşları əhəmiyyətli dərəcədə artırıldı. Bundan əlavə, çoxsaylı alimlər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və müxtəlif dövlət mükafatları ilə təltif edildilər. Bir faktı xüsusilə qeyd etmək istərdik. 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrindən biri olan Geologiya İnstitutunun yubileyi münasibətilə İnstitutun dörd əməkdaşı Prezidentin fərdi təqaüdünə, üç əməkdaşı “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına, iki əməkdaşı “Şöhrət” ordeninə, otuz beş əməkdaşı isə digər təltiflərə layiq görülmüşdür. Bu kimi faktları digər institutlar haqqında da demək mümkündür.

2005-ci ildə zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının formalaşmasında, ümumən onun sosial-ictimai tərəqqisində mühüm rol oynayan Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 60 ili tamam olmuşdur. Bu əlamətdar hadisənin - Akademiyanın 60 illik yubileyinin respublika miqyasında təntənəli şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi Sərəncam imzaladı. Sərəncamdan irəli gələn vəzifələri rəhbər tutaraq, 2005-ci ildə elmin populyarlaşdırılması və təbliği, beynəlxalq və respublika miqyaslı çoxsaylı tədbirlərin - konfrans və simpoziumların keçirilməsi, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, Akademiyanın tarixi haqqında kitabların nəşri və s. istiqamətdə çoxsaylı yubiley tədbirləri həyata keçirildi. Cənab İlham Əliyev özü şəxsən AMEA-nın 60 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etdi. Yubiley münasibətilə AMEA-nın çoxsaylı əməkdaşları bir sıra dövlət mükafatlarına layiq görüldülər. Bütün bunlar Azərbaycanın müqəddəs elm məbədi olan Elmlər Akademiyası əməkdaşlarında dərin ruh yüksəkliyi yaratdı, burada aparılan elmi araşdırmaların, elmi-təşkilati fəaliyyətin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verdi...

http://science.gov.az/news/open/7322

: 101


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.