XƏBƏRLƏR
394 Arxiv

2024.05.07

ARETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib

7 may 2024-cü il tarixində Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilmişdir. İclası giriş sözləri ilə açan institutun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü haqqında məruzə ilə çıxış edib. O bildirib ki, Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub. Azərbaycan xalqı və dövlətinin tarixi səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur.
Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.

Tədbirdə daha sonra YAP Yasamal rayonu “504”-cü məhəllə ərazisi İlk Partiya Təşkilatının sədri, b.ü.f.d. Hafiz Muxtarov və Quru onurğalıları laboratoriyasının böyük laborantı Əfsanə İsmayılova ulu öndər Heydər Əliyevin gənclər siyasəti haqqında fikirlərini bölüşüblər.

Tədbir zamanı Ələddin Eyvazov 2024-cü ilin 11-12 iyun tarixlərində keçiriləcək “Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans haqqında, həmçinin “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” haqqında məruzələrlə çıxış edib.

İnstitutun təhsil şöbəsinin müdiri b.ü.f.d Şəfa Xasayeva çıxışı zamanı minimum imtahan proqramları, doktorant və dissertantların attestasiyası və 2024-cü tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul haqqında məlumat verib.

Tədbirin sonunda video çarx nümayiş olunub.