AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələri hesabat veriblər


Konfranslar, iclaslar
A- A A+

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin cari ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.

Nizami adına Ədəbiyyat İnstitutunun akt zalında baş tutan tədbirdə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək iclasda İctimaiBiologiya və Tibb elmləri bölmələrinin, həmçinin AMEA-nın Gəncə Bölməsinin hesabat məruzələrinin dinləniləcəyini bildirib. Qeyd edib ki, ötən illərdə olduğu kimi cari ildə də bölmələrə daxil olan institutlar üzrə Gənc Alim və Mütəxəssislər Şurasının elmi və ictimai fəaliyyətində mühüm işlər görülüb, müəyyən nailiyyətlər əldə olunub.

Şura sədri AMEA Rəyasət Heyətinin müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, gənc mütəxəssislərin timsalında Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində ənənəvi və qeyri-ənənəvi layihələrin həyata keçirildiyini vurğulayıb. Alim Akademiyanın elmi-ictimai fəaliyyətinə gənclərin böyük töhfələr verdiyini söyləyib.

F.Salmanov daha sonra bu ilin dekabr ayının 15-də keçiriləcək Azərbaycan Gənc Alimlərinin I Qurultayına hazırlıqla bağlı İdarə Heyətinin üzvlərinə məlumat verib.

Yığıncaqda GAMŞ-ın Biologiya və Tibb Elmləri Bölməsinin katibi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Mehvalıyeva, İctimai Elmlər Bölməsinin katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və Gəncə Bölməsinin katibi Elnur Həsənov hesabat məruzəsi ilə çıxış ediblər. Bölmə katibləri il ərzində həm elmin təbliği, həm də həvəsləndirmə tədbirləri olaraq, marifləndirmə seminarları, məktəblilərin ekskursiyası, açıq qapı günləri, gənc mütəxəssislərin xarici ölkələrin aparıcı elmi müəssisələrində təcrübə keçmələri, eyni zamanda gənclərin əldə etdikləri nailliyətlər haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, cari ildə gənclərin yerli və beynəlxalq konfranslarda iştirakı, monoqrafiya, məqalə-tezislərin sayı əvvəlki illərlə müqayisədə artıb.

Sonra şura üzvləri - Orxan Abbasov, Əfsun Sucayev, Eşqanə Babayeva, b.ü.f.d. Zenfira Kadimova, Fərid Seyfullayev, Aida Dadaşova və digərləri hesabatlarla bağlı irad və təkliflərini bildiriblər.

Sonda hər bir bölmənin hesabatı GAMŞ tərəfindən qəbul olunub.

http://science.gov.az/news/open/6947

: 74


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.