2017.06.01
ARTEMİA XƏRÇƏNGİ HAQQINDA NƏ BİLİRİK...?
Duzlu sularda yaşayan Artemia xərçəngləri son 25-30 ildə istər ev şəraitində saxlanılan dekorativ balıqların, istərsə də təsərrüfatlarda yetişdiriləcək akvakultura obyektlərinin əvəzsiz təbii yemi hesab olunur. O, bir sıra üstünlüklərə malikdir. Onun bədəninin 50%- ni zülal, 28% - ni yağ (əsasən doymamış yağlar) və 10 %- ni kül əmələ gətirən mineral maddələr təşkil edir. Bütün bunlar onu çox dəyərli qida obyekti edir. Hazırda dünya miqyasında sübut olunmuşdur ki, təsərrüfatlarda yetişdiriləcək akvakultura orqanizmlərinin təbii qidalarla - xüsusilə Artemia xərçəngi ilə bəslənməsi, onların həyatilik qabiliyyətinin yüksəlməsinə, sağlam olmalarına və sürətlə böyümələrinə, normal fizioloji vəziyyətə sahib olmalarına və yüksək keyfiyyətli məhsulların alınmasına səbəb olur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Artemia xərçənginin yumurtaları uzun müddət həyatilik qabiliyyətini saxlayır və buna görə də onlar akvakultura obyektləri üçün potensial yem mənbəyi hesab olunur. Bu qeyri-adi canlı öz şöhrətini yalnız yüksək qida effektinə görə deyil, eyni zamanda çoxalma xüsusiyyətlərinə və ekstremal (yüksək duzluluq və minimal oksigen) şəraitdə yaşaya bilmə qabiliyyətinə görə qazanmışdır. İndi də Artemia xərçəngi ilə yaxından tanış olaq.
Bu cinsə mənsub olan xərçənglər onurğasız heyvanlar yarımaləminin Buğumayaqlılar (Arthropoda) tipinin, Qəlsəmətənəffüslülər (Branchiata) yarımtipinin, Xərçəngkimilər (Crustacea) sinfinin, Ayağıqəlsəməlilər (Branchiapoda) yarımsinfinin, eyniadlı dəstəsinin (Anostraca), Artemiyalar (Artemiidae) fəsiləsinədaxildir. Hazırda dünyada bu cinsin 7 əsas növü və bir sıra növ müxtəliflikləri mövcuddur: A.tunisiana-Avropa və Şimali Afrikanın, A.species-Amerika, Asiya və Avropanın bir hissəsinin, A.franciana-Amerika və Avropanın bir hissəsinin, A.parthenogenetica -Avropa, Afrika, Asiya və Avstraliyanın, A.sinica-Mərkəzi Asiya və Çinin, A.persimilis–Argentinanın, A.urmiana- İran İR – nın duzlu sularında yayılmışlar. Azərbaycanın duzlu sularında bu cinsin bir növü (A.salina) yayılmışdır (şəkil 1). Xərçəng Abşeron yarımadasının duzlu göllərinin səciyyəvi canlı elementidir. Göründüyü kimi Artemia xərçəngi Arktika və Antraktidadan başqa dünyanın hər yerində, o cümlədən Avropanın cənubunda (Qara və Azov dənizi sahillərində olan şor sularda), Qərbi Sibirdə, Qazaxstanda, Orta Asiyada, Qafqazda və digər yerlərdə yayılmışdır.
a b
c
Şəkil 1. A. salina xərçənginin ümumi görnüşü – adi gözlə (a). Erkək (b) və dişi fərd (c) mikroskopda görünüşü.
A.salinaxərçənginə Respublikamızın daxili su tutarlarında, xüsusi ilə Abşeron yarımadasının yüksək duzluluğa malik olan göllərində yayılmasına baxmayaraq, su heyvanlarını öyrənən tədqiqatçılar bizə qədər onunla çox az maraqlanmışlar. Ancaq buna baxmayaraq Artemia xərçəngi akvarium həvəskarlarına çoxdan bəllidir və onun məhsullarından geniş istifadə edirlər. 2012–ci ildən başlayaraq biz Abşeron yarımadasının duzlu göllərində iqtisadi əhəmiyyətli bu xərçəngin yayılmasını, miqdarını, məhsuldarlığını və s. öyrənirik. Müəyyən etmişik ki, yarımadada A. salina xərçəngi ən çox Masazır, Mirzəladı, Duzlu göl, Zığ gölü, Qala və digər göllərdə yayılmışdır.
A. salinaxərçənginin yetkin fərdlərinin uzunluğu 0,8- 2,0 sm, biokütləsi isə 3,73- 6,47 mq - dir. Baş qalxanı olmayan uzun bədənli ibtidai xərçənglərdəndir. Bədəni baş, döş və qarıncıq şöbələrindən ibarətdir. Qarıncıq iki buğumlu quyruqla qurtarır. Başın yanlarında saplaqlar üzərində fasetli gözlər, alnında isə tək nauplial göz yerləşir. Antenul, antenna və gözlər yerləşən başın ön hissəsi, çeynəyici çənələr olan arxa hissədən tikişlə ayrılır. Çeynəyici çənələr zəif inkişaf etmişdir, çənələrdə hiss çıxıntıları yoxdur. Döş 11 buğumdan ibarətdir, hər buğum ikişaxəli, bir cüt yarpaqşəkilli ayaqcıqlarla təchiz olunmuşdur. Ayaqcıqların hamısının quruluşu eyni olub, suda üzməyə və tənəffüsə xidmət edir. Qarıncıq 8 buğumdan ibarət olub, ayaqcıqlardan məhrumdur. Qarıncığın ilk iki seqmenti (buğum) bir –biri ilə birləşmiş halda olub, dişilərdə çıxarıcı kameranı, erkəklərdə isə cütləşmə orqanını daşıyır. Quyruqcuq, üzərində cod tükcükləri olan iki ədəd uzun buğumdan ibarətdir.
Ayrıcınsiyyətlidirlər, cinsiyyət dimorfizmi aydın müşahidə olunur (şəkil 2). Bir qayda olaraq erkəklər dişilərdən kiçikdir. Xarici görünüşünə görə erkəkləri dişilərdən çox asanlıqla fərqləndirmək mümkündür, belə ki, erkəklərdə bədənin baş hissəsində qarmaqşəkilli hərəkətli tutucu orqan–antenalar çox güclü inkişaf etmişdir. Dişilər yumurtaçıxarıcı kameraların mövcudluğu ilə fərqlənirlər.
Şəkil 2.A.salina xərçənginin baş nahiyyəsi –erkək (solda) və dişi (sağda)
fərddə.
A.salina xərçəngi istənilən faktorun böyük amplitutda dəyişilməsinə qarşı dözümlü, geniş ekoloji valentliyə sahib olan evribiont canlıdır. Ədəbiyyat məlumatlarından məlumdur ki, bu xərçənglər oksigenə o qədər də tələbkar olmayıb, xloridli, sulfatlı və karbonatlı su hövzələrində məskunlaşa bilirlər, su hövzələrinidə duzluluq 300 promilə (1 litr suda həll olmuş duzun qramlarla miqdarını bildirir, ‰ – lə işarə olunur) çatdıqda belə yaşayırlar, yüksək temperatura (40°C) dözümlüdürlər. Onlar üçün ən optimal duzluluq 60 – 100‰ hesab olunur. Onun həyatının aktiv fazası üçün 25-28° C temperatur tələb olunur. Temperaturun aşağıya düşməsi ilə əlaqədar olaraq onun həyatı prosesləri zəifləməyə başlayır və 5 ° C- dən aşağı temperaturda o, bir qayda olaraq yaşaya bilmir, tələf olur. Abşeron göllərində onun müşahidə edilmə müddəti aprel ayının əvvəllərindən oktyabr-noyabr aylarına qədərdir. A.salina xərçəngi duzlu suda yaşadığı kimi, şirin suda da müəyyən müddət – 10-12 günə qədər yaşaya bilir, məhz bu xüsusiyyətinə görə də ondan akvariumda saxlanılan şirin su balıqları üçün keyfiyyətli canlı yem kimi istifadə edilir.
Çoxalması. Artemia cinsinə mənsub olan xərçənglər əsasən iki yolla – cinsiyətli (erkək və dişi fərdlərin iştirakı ilə) və partenogenetik yolla (erkək fərdin iştirakı olmadan) çoxalırlar. Cinsi çoxalmada dişi və erkək fərdlərin qarşılıqlı iştrakı mütləq olduğu halda, partenogenetik çoxalmada erkək fərdin iştirakı hökm deyil. Bu zaman dişi fərdin hazırladığı yumurtaların sonrakı inkişafı onun qarıncığının başlanğıcında formalaşan kisədə (kamerada) gedir. Bu cür çoxalmada yumurtanın embrional inkişafı onun yumurta çıxarıcı kisəyə - kameraya düşməsindən başlayır. Bu cür çoxalma adətən xərçəng üçün əlverişli şəraitdə olur. Dişi fərd çıxarıcı kameraya yumurta qoyur. Kamerada bəzən yumurtanın embrional inkişafı baş verir və naupli sürfələri “doğulur” (şəkil 3). Şərait pisləşən kimi dişi fərd “sista – yumurta” qoymağa başlayır (şəkil 4). Bu cür yumurtaların üzəri qalın və kip örtüklə örtülür və onlar qeyri – adi həyat qabiliyyətinə malik olmaları ilə xarakterizə olunurlar.
Şəkil 3. Xərçəngin naupli sürfəsinin yumurta kisəsindən çıxması və ya
“doğulması” anı (Duzlu göldən götürülən nümunə, may-2013)
Külək vasitəsi ilə quru “sistalar” bir su hövzəsindən digərinə aparılır və əlverişli şəraitə düşən kimi onlardan nauplilər çıxır (şəkil 4a). Artemianın cinsi yetkinliyi 18 gündən 30 günə qədər olur. Dişi fərdin məhsuldarlığı 50-250 yumurtadır və yumurtaqoyma hər 5- 7 gündən bir təkrarlanır.
a b
Şəkil 4. A. salina xərçənginin yumurtaları (a) və yumurtadan yeni çıxmış
naupliləri (b)
“Sista”lardan (Artemia yumurtalarından) Artemia xərçəngləri əldə etmək çox asandır. Bu məqsədlə adi plastik su qabı (böyük həcmli plastik butulka) götürürük, onun aşağı (oturacaq) hissəsini dairəvi formada kəsib çıxarırıq (kəsilərək götürülmüş bu hissədən sonradan qapaq kimi də istifadə etmək olar) butulkanın boğazlı və qapaqlı ön hissəsini isə aşağıya cevirib mini akvarium düzəldirik. İçərisinə təmiz su (suyun temperaturu +26 °C- dən aşağı olmamalıdır), bir litr suya isə 20 q təmiz duz
( yodlaşdırılmamış duz) və 10 q Artemia yumurtası tökürük. Bu yumurtalar əvvəlcədən soyuducunun buzxanasında 5 sutka ərzində dondurulmuş halda olmalıdı. Sonra suyu qarışdırmaq məqsədilə kompressoru işə salırıq. Bir sutkadan sonra “miniakvariumda” xeyli sayda narıncı rəngli xərçəngciklər görəcəyik, onlar əvvəlcə yetişməmiş yumurtaların üzərində bir təbəqə formasında toplaşırlar. Boşalmış yumurtaların qabığı isə suyun səthinə çıxır. Bu üsulla əldə olunan materiallardan akvarium balıqçılığında balıqları qidalandırmaq məqsədi ilə istifadə etmək də olar, onlardan yeni nəsillər alıb, bəsləmək də.
Balıqçılıq təsərrüfatları üçün Rusiyadan, Qazaxstandan İran İR-dan və digər ölkələrdən müəyyən vəsait hesabına gətirilən Artemia xərçənginin biokütləsi və yumurtaları təsərrüfatlarda fermerlərin özləri tərəfindən əldə edilə bilər. Bu məqsədlə onlar bu məqalədə göstərilən elmi-praktiki tövsiyyələrdən istifadə edə və ya AMEA Zoologiya İnstitutuna kömək məqsədi ilə müraciət edə bilərlər.
Müəllif:Hidrobiologiya laboratoriyasının müdiri, b.ü.f.d. Əliyev A.R.
Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Tapdıqova K.