XƏBƏRLƏR
4733 Arxiv

2017.06.01

ARTEMİA XƏRÇƏNGİ HAQQINDA NƏ BİLİRİK...?

Duzlu sularda yaşayan Artemia xərçəngləri  son 25-30 ildə istər ev şəraitində saxlanılan dekorativ balıqların,  istərsə də  təsərrüfatlarda yetişdiriləcək akvakultura obyektlərinin  əvəzsiz təbii  yemi hesab olunur. O, bir sıra  üstünlüklərə malikdir. Onun bədəninin 50%- ni zülal,  28% - ni yağ  (əsasən doymamış yağlar) və 10 %- ni  kül əmələ gətirən mineral maddələr təşkil edir.  Bütün bunlar onu çox dəyərli qida obyekti edir.  Hazırda  dünya miqyasında  sübut olunmuşdur ki, təsərrüfatlarda yetişdiriləcək akvakultura  orqanizmlərinin  təbii qidalarla - xüsusilə Artemia xərçəngi ilə bəslənməsi, onların həyatilik qabiliyyətinin yüksəlməsinə, sağlam  olmalarına və sürətlə böyümələrinə, normal fizioloji vəziyyətə sahib olmalarına və yüksək keyfiyyətli  məhsulların alınmasına səbəb olur.  Bununla yanaşı qeyd etmək lazımdır ki, Artemia xərçənginin yumurtaları uzun müddət həyatilik qabiliyyətini saxlayır və buna görə də onlar akvakultura obyektləri  üçün potensial yem  mənbəyi hesab olunur.  Bu qeyri-adi canlı öz şöhrətini yalnız yüksək qida effektinə görə deyil, eyni zamanda çoxalma xüsusiyyətlərinə və ekstremal (yüksək duzluluq və minimal oksigen) şəraitdə  yaşaya bilmə qabiliyyətinə görə  qazanmışdır.  İndi də Artemia xərçəngi ilə yaxından tanış olaq.

Bu cinsə mənsub olan xərçənglər onurğasız heyvanlar yarımaləminin Buğumayaqlılar  (Arthropoda) tipinin, Qəlsəmətənəffüslülər (Branchiata) yarımtipininXərçəngkimilər (Crustacea) sinfinin, Ayağıqəlsəməlilər (Branchiapoda)  yarımsinfinin,  eyniadlı dəstəsinin (Anostraca), Artemiyalar  (Artemiidae) fəsiləsinədaxildir. Hazırda dünyada bu cinsin 7 əsas növü  və bir sıra növ müxtəliflikləri mövcuddur: A.tunisiana-Avropa  və Şimali Afrikanın, A.species-Amerika, Asiya və  Avropanın bir hissəsinin,  A.franciana-Amerika və Avropanın bir hissəsinin, A.parthenogenetica -Avropa, Afrika, Asiya və Avstraliyanın,  A.sinica-Mərkəzi Asiya və  Çinin,  A.persimilis–Argentinanın, A.urmiana- İran İR – nın  duzlu  sularında  yayılmışlar. Azərbaycanın duzlu sularında bu cinsin bir növü (A.salina) yayılmışdır (şəkil 1). Xərçəng  Abşeron yarımadasının duzlu göllərinin səciyyəvi canlı elementidir. Göründüyü kimi Artemia xərçəngi  Arktika və Antraktidadan başqa dünyanın hər yerində, o cümlədən  Avropanın cənubunda (Qara və Azov dənizi sahillərində olan şor sularda), Qərbi Sibirdə, Qazaxstanda, Orta Asiyada, Qafqazda və digər yerlərdə  yayılmışdır. 

     a       b     

      c  

           Şəkil 1. A. salina xərçənginin ümumi görnüşü – adi gözlə (a).  Erkək (b) və dişi fərd (c) mikroskopda görünüşü.

A.salinaxərçənginə Respublikamızın  daxili su tutarlarında, xüsusi ilə Abşeron yarımadasının yüksək duzluluğa malik olan göllərində  yayılmasına baxmayaraq, su heyvanlarını öyrənən tədqiqatçılar bizə qədər onunla çox az maraqlanmışlar. Ancaq buna baxmayaraq Artemia xərçəngi akvarium həvəskarlarına çoxdan bəllidir və onun məhsullarından geniş istifadə edirlər.  2012–ci ildən başlayaraq biz Abşeron yarımadasının duzlu  göllərində iqtisadi əhəmiyyətli bu xərçəngin yayılmasını, miqdarını, məhsuldarlığını və s. öyrənirik. Müəyyən etmişik ki, yarımadada A. salina xərçəngi ən çox Masazır, Mirzəladı, Duzlu göl, Zığ gölü, Qala və digər göllərdə yayılmışdır.

A. salinaxərçənginin yetkin fərdlərinin  uzunluğu 0,8- 2,0 sm, biokütləsi isə 3,73- 6,47 mq - dir.  Baş qalxanı olmayan uzun bədənli ibtidai xərçənglərdəndir. Bədəni baş, döş və qarıncıq  şöbələrindən  ibarətdir. Qarıncıq iki buğumlu quyruqla qurtarır. Başın yanlarında saplaqlar üzərində fasetli gözlər, alnında isə tək nauplial  göz yerləşir. Antenul, antenna və gözlər yerləşən başın ön hissəsi, çeynəyici  çənələr olan arxa hissədən  tikişlə ayrılır. Çeynəyici çənələr zəif inkişaf etmişdir, çənələrdə hiss çıxıntıları yoxdur.  Döş 11 buğumdan ibarətdir, hər buğum ikişaxəli, bir cüt yarpaqşəkilli ayaqcıqlarla təchiz olunmuşdur. Ayaqcıqların hamısının quruluşu eyni olub, suda üzməyə və tənəffüsə xidmət edir. Qarıncıq  8 buğumdan ibarət olub, ayaqcıqlardan məhrumdur. Qarıncığın ilk iki seqmenti (buğum) bir –biri ilə birləşmiş halda olub,  dişilərdə çıxarıcı kameranı, erkəklərdə isə  cütləşmə orqanını daşıyır.  Quyruqcuq,  üzərində cod tükcükləri olan iki ədəd uzun  buğumdan ibarətdir.

Ayrıcınsiyyətlidirlər, cinsiyyət dimorfizmi aydın müşahidə olunur (şəkil 2). Bir qayda olaraq erkəklər dişilərdən kiçikdir. Xarici görünüşünə görə erkəkləri dişilərdən çox asanlıqla fərqləndirmək mümkündür, belə ki, erkəklərdə bədənin baş hissəsində qarmaqşəkilli hərəkətli  tutucu orqan–antenalar çox güclü inkişaf etmişdir. Dişilər yumurtaçıxarıcı kameraların  mövcudluğu  ilə fərqlənirlər.

 

               

         Şəkil 2.A.salina xərçənginin baş nahiyyəsi –erkək (solda) və dişi (sağda)

                    fərddə.

 A.salina xərçəngi istənilən faktorun  böyük amplitutda dəyişilməsinə qarşı dözümlü, geniş ekoloji valentliyə sahib olan  evribiont canlıdır. Ədəbiyyat məlumatlarından məlumdur ki,  bu xərçənglər oksigenə o qədər də tələbkar olmayıb, xloridli, sulfatlı və karbonatlı su hövzələrində məskunlaşa bilirlər, su hövzələrinidə duzluluq 300 promilə (1 litr suda həll olmuş duzun qramlarla miqdarını bildirir, ‰ – lə işarə olunur) çatdıqda belə yaşayırlar, yüksək temperatura   (40°C)  dözümlüdürlər. Onlar üçün ən optimal duzluluq 60 – 100‰  hesab olunur. Onun həyatının aktiv fazası üçün 25-28° C temperatur tələb olunur.  Temperaturun aşağıya düşməsi ilə əlaqədar olaraq onun həyatı prosesləri zəifləməyə başlayır və  5 ° C- dən aşağı temperaturda  o,  bir qayda olaraq yaşaya bilmir, tələf olur.   Abşeron göllərində onun müşahidə edilmə müddəti  aprel ayının əvvəllərindən oktyabr-noyabr aylarına qədərdir. A.salina xərçəngi duzlu suda yaşadığı kimi, şirin suda da  müəyyən müddət – 10-12 günə qədər yaşaya bilir,   məhz bu xüsusiyyətinə görə də ondan akvariumda  saxlanılan  şirin su balıqları üçün keyfiyyətli canlı yem kimi istifadə edilir.

Çoxalması.  Artemia  cinsinə mənsub olan xərçənglər əsasən  iki yolla – cinsiyətli (erkək  və dişi fərdlərin iştirakı ilə)  və partenogenetik yolla (erkək fərdin iştirakı olmadan) çoxalırlar. Cinsi çoxalmada  dişi  və erkək fərdlərin qarşılıqlı iştrakı mütləq olduğu halda, partenogenetik çoxalmada erkək fərdin iştirakı hökm deyil. Bu zaman dişi fərdin hazırladığı yumurtaların sonrakı inkişafı onun qarıncığının başlanğıcında formalaşan kisədə (kamerada) gedir.  Bu cür çoxalmada yumurtanın  embrional inkişafı onun yumurta çıxarıcı kisəyə - kameraya  düşməsindən  başlayır.  Bu cür çoxalma adətən xərçəng üçün  əlverişli şəraitdə olur. Dişi fərd çıxarıcı kameraya yumurta qoyur. Kamerada bəzən yumurtanın  embrional inkişafı baş verir  və naupli  sürfələri  “doğulur” (şəkil 3).  Şərait pisləşən kimi  dişi fərd “sista – yumurta”  qoymağa başlayır (şəkil 4).  Bu cür  yumurtaların üzəri qalın və kip örtüklə  örtülür  və onlar qeyri – adi  həyat  qabiliyyətinə malik olmaları  ilə xarakterizə olunurlar.

                

    Şəkil 3. Xərçəngin naupli sürfəsinin  yumurta kisəsindən çıxması və ya

               “doğulması” anı (Duzlu göldən götürülən nümunə, may-2013)

 

Külək vasitəsi ilə quru “sistalar”  bir  su hövzəsindən  digərinə aparılır və əlverişli şəraitə düşən kimi  onlardan nauplilər çıxır (şəkil 4a). Artemianın cinsi yetkinliyi 18 gündən 30 günə qədər olur. Dişi fərdin məhsuldarlığı  50-250 yumurtadır  və yumurtaqoyma  hər 5- 7 gündən bir təkrarlanır.

     a          b                                              

   Şəkil 4. A. salina xərçənginin yumurtaları (a) və yumurtadan yeni çıxmış

             naupliləri (b)

 

“Sista”lardan  (Artemia yumurtalarından) Artemia xərçəngləri əldə etmək  çox asandır. Bu məqsədlə adi plastik su qabı (böyük həcmli plastik butulka)  götürürük, onun  aşağı  (oturacaq)  hissəsini  dairəvi formada kəsib çıxarırıq (kəsilərək götürülmüş bu hissədən sonradan qapaq kimi də istifadə etmək olar) butulkanın boğazlı və qapaqlı  ön  hissəsini isə aşağıya cevirib mini akvarium düzəldirik. İçərisinə təmiz su  (suyun temperaturu +26 °C- dən aşağı olmamalıdır), bir litr suya isə  20 q təmiz duz 

( yodlaşdırılmamış duz)  və 10 q Artemia yumurtası tökürük.  Bu yumurtalar əvvəlcədən  soyuducunun buzxanasında 5 sutka ərzində  dondurulmuş halda olmalıdı. Sonra  suyu qarışdırmaq məqsədilə kompressoru işə salırıq.  Bir sutkadan sonra “miniakvariumda” xeyli sayda  narıncı rəngli  xərçəngciklər görəcəyik, onlar əvvəlcə yetişməmiş yumurtaların üzərində  bir təbəqə  formasında toplaşırlar.  Boşalmış yumurtaların qabığı isə suyun  səthinə çıxır. Bu üsulla əldə olunan materiallardan akvarium balıqçılığında  balıqları qidalandırmaq məqsədi ilə  istifadə etmək  də olar, onlardan yeni nəsillər alıb,  bəsləmək də.

Balıqçılıq təsərrüfatları üçün Rusiyadan, Qazaxstandan İran İR-dan və digər ölkələrdən  müəyyən vəsait hesabına gətirilən Artemia xərçənginin biokütləsi və yumurtaları təsərrüfatlarda fermerlərin özləri tərəfindən əldə edilə bilər. Bu məqsədlə onlar bu məqalədə göstərilən elmi-praktiki  tövsiyyələrdən istifadə edə və ya AMEA  Zoologiya İnstitutuna  kömək məqsədi ilə müraciət edə bilərlər.

 

Müəllif:Hidrobiologiya laboratoriyasının müdiri, b.ü.f.d. Əliyev A.R.

Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Tapdıqova K.