НОВОСТИ
806

2023.12.11

Zoologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

11 dekabr 2023-cü il tarixində  Zoologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş iclas keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri  giriş sözü ilə açan Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib. Ulu Öndərin qısa ömür yolu haqqında çıxış edən Ə.Eyvazov bildirib ki, Heydər Əliyev XX əsrin siyasi tarixində ən nüfuzlu dövlət xadimlərindən biridir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur.

Sonra YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si ilk Partiya Təşkilatının sədri, b.ü.f.d., Hafiz Muxtarov öz çıxışı zamanı bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun qoyduğu irs ilə fəxr edə biləcək dahi şəxsiyyətdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. 

 Zoologiya İnstitutunun Qadınlar şurasının sədri, b.e.d., dosent Yeganə Mahmudova isə Ulu Öndər Heydər Əliyev və qadın siyasəti haqqında məruzə ilə çıxış edib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. 

Tədbirin sonunda Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.