НОВОСТИ
807

2023.11.20

ARETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib

20 noyabr 2023-cü il tarixində Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru  vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov institut əməkdaşlarının yubileyləri haqqında söhbət açıb. Ələddin Eyvazov Protozoologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Ələkbərovun 75 illik yubileyi, Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Ellada Hüseynovanın 65 illik yubileyi, Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Yaşar Seyidlinin 65 illik yubileyi, Hidrobiologiya laboratoriyasının müdiri v.i.e., b.ü.f.d., dosent Süleyman Süleymanovun 65 illik yubileyi, Parazit-sahib münasibətlərinin biokimyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Jalə Həsənovanın 60 illik yubileyi, Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Şükür Quliyevin 55 illik yubileyi münasibəti ilə təbrik edib,  onlara can sağlığı, çətin və şərəfli ömür yolunda uğurlar arzulayıb və Zoologiya İnstitutunun Fəxri fərmanını təqdim edib.

Tədbir zamanı Parazit-sahib münasibətlərinin biokimyası laboratoriyasının müdiri b.e.d., dosent Elşad Əhmədov Parazitologiya laboratoriyasının baş elmi işçisi, b.e.d., dosent Əli Nəsirovun «Паразито-хозяинные отношения при гельминтозах (морфологические, функциональные, экологические аспекты)» adlı monoqrafiyasının çapa təqdim olunması haqqında çıxış edib.

Daha sonra Zoologiya İnstitutunun elmi katibi, b.ü.f.d., dosent Sara Əliyeva yekun hesabatların vəziyyəti haqqında və Parazit-sahib münasibətlərinin biokimyası laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Nuranə Hacıyevanın, Protozoologiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Türkan Qurbanovanın 2429.01- “Parazitologiya” ixtisasında, Protozoologiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Elyanə Tahirovanın isə 2401.01- “Zoologiya” ixtisasında elmi fəaliyyətə görə dosent elmi adı alması üçün iddiaçılar haqqında məlumat verib. Sonra gizli səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılıb.

Tədbirin sonunda bir sıra qərarlar qəbul edilib və AMEA-nın müxbir üzvü İlham Ələkbərovun həyat və fəaliyyətinə həsr olunmuş video-çarx təqdim olunub.