2023.07.25
Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları ekspedisiyada olublar
Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları ekspedisiyada olublar
ARETN Zoologiya İnstitutunun əməkdaşları - Tətbiqi Zoologiya Mərkəzinin müdiri Barat Əhmədov, aparıcı elmi işçi İradə Nuriyeva və kiçik elmi işçi Səliqə Qazi Şəki rayonunda ekspedisiyada olublar.
Ekspedisiya müddətində Şəki rayonu ərazisində fındıq bağlarına, həyətyanı sahələrə, meşə və parklardakı ağac və kollara, eləcə də, Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən “Green Factory” MMC Aqro Parkda, “Bio Garden Organic” şirkətində, bəzi kəndlərin bir sıra fərdi təsərrüfatlarında meyvə ağaclarına və kollara baxış keçirilib.
Bundan əlavə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin müdiri Tələt Mehdiyev və digər əməkdaşlarla birlikdə “Qəhvəyi mərmər taxtabitinin” monitorinqində iştirak edilib, bağlarda qoyulan feromon tələlərinə nəzarət olunub və ziyanvericinin bu bölgəyə sirayət edilmədiyi aşkarlanıb.
Ekspedisiya zamanı həmçinin, AMEA Şəki Regional Elmi Mərkəzin baş direktoru Yusif Şükürlü və mərkəzin digər əməkdaşları ilə görüş keçirilib, “Qəhvəyi mərmər taxtabiti” haqqında söhbətlər aparılıb.
Eyni zamanda, materialların toplanması üçün ümumi qəbul edilmiş entomoloji metodlardan istifadə edilib, meyvə ağaclarından şaftalı, gavalı, nektarın, alça, tut, qərzəkli bitkilərdən qoz və fındığın yarpaq, govdə və s. orqanları üzərindən ziyanvericilər və onların entomofaqları vizual yolla aşkarlanaraq əllə, torla, çırpma üsulu ilə, qabığın altından pinsetlə və s. vasitələr ilə götürülüb.
Qeyd edək ki, ekspedisiya müddətində, entomoloji torbalar, şüşə qablar, sınaq şüşələri, polietilen qablar, entomoloji tor, pinset, fırça, GPS və fotoaparatdan istifadə edilib. Toplanmış materiallar şüşə qablara yerləşdirilərək etiketlənib və laboratoriyaya gətirilib.
Hazırda materiallar təyin olunmaq üçün işlənilir və həşəratlar kolleksiyaya daxil ediləcəkdir.