НОВОСТИ
631

2022.10.27

“Qırmızı kitabı”n III nəşrinin hazırlanması ilə bağlı Zoologiya işçi qrupunun toplantısı keçirilib

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun akt zalında Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinin hazırlanması üzrə Zoologiya işçi qrupunun növbəti toplantısı keçirilib.

İclasda Zoologiya İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Ornitoloji Cəmiyyətinin və s. təşkilatların zooloq alimləri iştirak ediblər.

Toplantını giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Qırmızı kitabı”n III nəşrinin AMEA üzrə Redaksiya heyəti və işçi qruplarının bir neçə gün əvvəl baş tutmuş iclasında qoyulan və ümumi qərara gəlinməsi vacib olan məsələlər haqqında məlumat verib, ümumən zooloqların müvafiq istiqamətlərdə fəallığına yüksək qiymət verib.

Sonra Zoologiya İnstitutunun direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, həmin institutun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov “Qırmızı kitabı”n III nəşri üzrə razılaşdırılmalı məsələlərin əvvəlki günlərdə də geniş müzakirə edildiyini və ortaq qərarlara yaxınlaşdıqlarını bildiriblər.

Sonra aparılan müzakirələrdə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Sultanov, Zoologiya İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İskəndərov, aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Hafiz Muxtarov, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev və başqaları iştirak ediblər.

İclasda növlər üzrə yazılan oçerklərdə istifadə ediləcək yayılma xəritələrinin ümumi formatı, ədəbiyyat siyahıları və onlara istinadlar və digər bu kimi məsələlər müzakirə edilib, müvafiq sahələrdə MDB ölkələrinin və Türkiyənin təcrübəsinə müraciət edilib.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova toplantının və qəbul edilən qərarların əhəmiyyətini vurğulayıb, növbəti günlərdə analoji məsələlərin botaniklərlə də müzakirələrinin aparılacağını və sonra yenidən bütün qrupların birgə iclasında yekun qərarların qəbul ediləcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.