НОВОСТИ
1151

2022.02.11

Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib

11 fevral 2022-ci il tarixində, AMEA Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.09-Dissertasiya şurasında, institutun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Səliqə Qalib qızı Qazinin 2413.01-"Entomologiya" ixtisası üzrə "Azərbaycanda şəkər çuğundurunun zərərvericiləri (böcəklər və kəpənəklər), təsərrüfat əhəmiyyətli növlərin bioekoloji xüsusiyyətləri və onlarin bioloji tənzimlənməsində entomofaqlarin rolu" mövzusunda fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri b.f.d., dosent Barat Abdul oğlu Əhmədov, rəsmi opponentləri isə b.e.d, dosent Nəsib Cəfərqulu oğlu Namazov, b.e.d, dosent Kazım Qarakişi oğlu Hüseynov və b.f.d, dosent Səkinə Əhməd qızı Hacıyevadır.
Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, b.e.d Elşad Əhmədov məruzə etmək üçün sözü iddiaçıya verib. S. Qazi bildirib ki, tədqiqat işinin əsas məqsədi respublikamızın şəkər çuğunduru əkilib becərilən İmişli və Ağdaş rayonları ərazisində bitkiyə ziyan vuran zərərvericilərin növ tərkibinin araşdırılması, ciddi məhsul itkisinə səbəb olan əsas zərərvericilərin müəyyənləşdirilməsi, onların bioekoloji xüsusiyyətlərinin, fenoloji təqviminin tədqiqi, onlara qarşı iqtisadi və ekoloji baxımdan daha səmərəli olan mübarizə tədbirlərinin hazırlanmasıdır.
O qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq şəkər çuğunduru aqrosenozunda aparılan geniş tədqiqat işi, bitkiyə müxtəlif dərəcədə zərər vuran növlərin bioekoloji xüsusiyyətləri, inkişaf dinamikaları və təsərrüfat əhəmiyyətləri də tədqiqat işində öz əksini tapıb. Bundan əlavə, aqrosenozda zərərvericilərin sayının tənzimlənməsində rolu olan entomofaqların növ tərkibi də müəyyənləşdirilib.
İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.