НОВОСТИ
1463

2021.02.26

Zoologiya İnstitutunda Xocalı soyqırımına həsr edilmiş “XX əsrin faciəsi” mövzusunda anım tədbiri keçirilib

AMEA-nın Zoologiya İnstitutunda Xocalı soyqırımına həsr edilmiş “XX əsrin faciəsi” mövzusunda anım tədbiri keçirilib. İlk öncə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açaraq, faciədən 29 il ötməsinə baxmayaraq, bu günün hələ də millətin yaddaşında sağalmayan yara olduğunu, əli yalın, dinc əhalinin necə qəddarlıqla öldürüldüyünü, mənfur düşmənin insanlığa sığmayan vəhşiliklərini, bir gecədə 613 nəfərin amansızcasına qətlə yetirildiyini, 1275 dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin isə itkin düşdüyünü vurğulayıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov xalqımızın qarşısında duran əsas vəzifənin - ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin əsl soyqırım aktı olduğunu dünya dövlətlərinə və geniş ictimaiyyətə çatdırmaqdan ibarət olduğunu söyləyib.

İnstitutun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov çıxışında Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən müdafiəsiz buraxılmasından istifadə edən mənfur düşmənin hiyləgər planlarından bəhs edib.

İnstitutun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Şükür Quliyev Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayıb.

İnstitutun Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova isə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin qanının yerdə qalmadığını, başda Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun yenilməzliyi sayəsində torpaqlarımızı əsil sahiblərinə qaytarmaqla tarixi ədaləti bərpa etdiyini vurğulayıb.

Tədbir “Xocalı soyqırımı - İnsanlığa qarşı cinayət” adlı videoçarxın nümayişi ilə sona çatıb.