2020.12.16
Zoologiya İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinin yekununa həsr olunan illik hesabat iclası keçirilib
16 dekabr 2020-ci il tarixində Biologiya və Tibb Elmləri Bölməsinin iştirakı ilə AMEA Zoologiya İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekununa həsr olunan illik hesabat iclası keçirilib. "Zoom" platforması üzərindən onlayn formatda təşkil olunan iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iclas iştirakçılarını salamlayaraq, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı böyük zəfər münasibəti ilə əməkdaşları təbrik etdikdən sonra söz, məruzə ilə çıxış etmək üçün institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazova verilib. O, cari ildə “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi və səmərəli istifadəsi, məlumat bazalarının yaradılması” istiqaməti üzrə 3 problem, 10 mövzuya aid 36 elmi tədqiqat işinin yerinə yetirildiyini, onlardan 9 mövzu, 34 iş və 36 mərhələnin yekunlaşdığını, nəzərdə tutulan tədqiqt işlərinin tam yerinə yetirildiyini qeyd edib. Məruzəçi hesabat ilində institut əməkdaşları tərəfindən 62 məqalə, 24 tezis, 1 kitab və 1 monoqrafiyanın (xaricdə) hazırlandığını, onlardan 49 məqalə və 15 tezisin xarici jurnallarda nəşr edildiyini vurğulayıb. Bu məqalələrdən 17-sinin “Web of Science və Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc edildiyini söyləyən direktor, cari ildə institut əməkdaşlarının elmi əsərlərinə istinadların olduğunu, əməkdaşların dəfələrlə yerli və xarici konfranslarda məruzələrlə çıxış etdiklərini bildirib. İl ərzində əməkdaşların çoxillik tədqiqatlarının nəticəsi olaraq “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabının çapdan çıxdığını söyləyən Ələddin Eyvazov cari ildə imzalanan müqavilələr, qrant layihələri, gələcək planlar və perspektivlər haqqında da ətraflı məlumat verərək, pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq elmi araşdırmaların uğurla davam etdiriləcəyini vurğulayıb.
Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib.
Yekun olaraq akademiklər İradə Hüseynova, Validə Əlizadə, AMEA-nın müxbir üzvləri – Tofiq Məmmədov, Pənah Muradov, İlham Ələkbərov, biologiya elmləri doktorları Vahid Fərzəliyev, Elşad Əhmədov, Şaiq İbrahimov, Qiyas Quliyev və digərləri institut kollektivinin il ərzində apardığı elmi-tədqiqat işlərinin nəticələrinin yüksək qiymətləndirərək, rəhbərliyə və əməkdaşlara öz tövsiyələrini bildiriblər.