НОВОСТИ
518

2023.07.19

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

19 iyul 2023-cü il tarixində ARETN Zoologiya İnstitutunun Elmi şura üzvlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundovun, həmin mərkəzin şöbə müdiri biologiya elmləri üzrə fəlsəfə doktoru Elnarə Cəfərovanın, Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının dosenti, biologiya elmləri üzrə fəlsəfə doktoru Çingiz Məmmədovun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti, biologiya elmləri üzrə fəlsəfə doktoru Qaçay İsmayılovun iştirakı ilə iclas keçirildi. İclası giriş sözü ilə Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açaraq gündəlikdəki məsələlərlə iclas iştirakçılarını tanış etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil olmuş Xəzər (Kür) qızılbalığının (Salmo trutta) cinsi məhsullarının və balıq sürfələrinin əldə edilməsi istiqamətində geniş elmi müzakirələr aparıldı. Müzakirələrdə AMEA-nın müxbir üzvü İlham Ələkbərov, biologiya elmləri doktoru, professor Mehman Axundov, biologiya elmləri doktoru, professor Şaiq İbrahimov, biologiya elmləri doktoru, dosent Asif Manafov, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Çingiz Məmmədov, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qaçay İsmayılov çıxış etdilər. Sonda müvafiq təkliflər verildi, qərarlar qəbul edildi.

Sonra institutun Protozoologiya laboratoriyasının aparıcı elmi işçisi, dosent Nailə İsgəndərovanın 70 illik, Parazit-sahib münasibətlərinin biokimyası laboratoriyasının aparıcı elmi işçisi, dosent Fəridə Məmmədovanın 50 illik, Parazitologiya laboratoriyasının böyük elmi işçisi Elnurə Aslanovanın 60 illik yubileyləri münasibətilə institutun Fəxri fərmanları təqdim olundu.