İnstitutun tarixi


A- A A+

Azərbaycan Respublikası relyefinin, iqlim şəraitinin, torpaq və bitki örtüyünün müxtəlifliyi onun özünəməxsus heyvanlar aləminin formalaşmasına səbəb olmuşdur. Respublikamızın zəngin heyvanlar aləminin öyrənilməsinin iki əsrdən çox tarixi vardır. XX əsrin əvvəllərinə qədər Azərbaycan faunasını ancaq gəlmə əcnəbi alimlər öyrənirdi. S.Qmelin (1870 - 1930), Q.Radde (1867 - 1889), Q.Ber (1877 - 1880), O.Qrimm (1874 - 1875) və başqa təbiətşünas alimlər müxtəlif vaxtlarda ölkəmizdə olmuş, bir çox yeni heyvan növləri təsvir etmişlər.

Azərbaycanın öz milli elmi kadrları və sistemli zooloji tədqiqatlar aparan xüsusi təşkilatları olmadığından, heyvanlar aləminin öyrənilməsi təsərrüfat, tibbi və baytarlıq istiqamətli tədqiqatları kiçik stansiya və laboratoriyalarda yerinə yetirilirdi. 1867-ci ildə Tiflisdə yaradılmış Qafqaz muzeyində Azərbaycanın bəzi quberniyalarının faunası qismən tədqiq edilmiş, bir sıra gəmiricilərin, çəyirtkələrin və digər cücülərin kənd təsərrüfatında rolu müəyyənləşdirilmişdir. 1902-ci ildə Zurnabad taunla mübarizə stansiyası (Gəncə şəhəri yaxınlığında), 1912-ci ildə Bakı ixtioloji stansiyası, 1909-cu ildə Bakı, 1916-cı ildə isə Yelizavetpol - Zaqatala müvəqqəti entomoloji kabineti, 1916-cı ildə Bakı - Dağıstan bitki mühafızəsi bürosu, 1920-ci ildə isə Azərbaycan Dövlət Universitetində zoologiya kafedrası yaradılmışdır.

Azərbaycanın heyvanlar aləminin hərtərəfli, planauyğun, sistemli tədqiqi yalnız bu məqsədə xidmət edən elmi idarələrin və ali təhsil ocaqlarının geniş şəbəkəsinin yaradılmasından sonra mümkün olmuşdur. 1932-ci ildə SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan şöbəsinin tərkibində quru və su faunası seksiyalarından ibarət Zoologiya bölməsi yaradılmışdır. Quru faunası seksiyasında professor B.Yelpatyevskinin (1932 - 1938) rəhbərliyi altında məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar, onurğasız heyvanlar (cücülərdən başqa), quru faunasının zoocoğrafiyası, qansoran cücülər, gənələrin ekologiyası, parazit qurdlar, torpaq nematodları, tərəvəz və bostan zərərvericiləri, Qızılağac və Zaqatala qoruqlarının faunası öyrənilirdi (A.Boqaçov, 1933 - 1953; A.Arqiropulo, 1933 - 1939). Su faunası seksiyasında isə Xəzər dənizinin balıqları, ali xərçəngləri, kollektor suları və irriqasiya sistemlərinin biologiyası və Azərbaycanın daxili su hövzələrinin (çaylar, göllər və b.-ı) hidrobiologiyası üzrə elmi-tədqiqat işləri aparılırdı (A.Derjavin, 1933 - 1938; Ə.Əlizadə, 1933 – 1949 və b.).

1936-cı ildə SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsi SSRİ EA-nın müstəqil Azərbaycan fılialına çevrildi. SSRİ EA Azərbaycan fılialı Rəyasət Heyətinin qərarı ilə 1936-cı il martın 1-də Zoologiya bölməsi bazasında Zoologiya İnstitutu təşkil edildi. İnstitutun ilk direktoru professor V.Yelpatyevski (1936-1938) təyin edilir. 1939-cu ildən 1950-ci ilə qədər instituta b.e.n. Ə.Əlizadə, 1950 - 1960-cı illərdə Azərb. SSR EA akademiki S.Əsədov, 1960-cı ilin mart ayından 2011-ci ilədək - yarım əsr müddətində AMEA akademiki M.Musayev rəhbərlik etmişdir. 2011-ci ildən isə instituta rəhbərlik AMEA-nın müxbir üzvü İ.Ələkbərova həvalə olunmuşdur. İlk vaxtlarda institutun quru və su heyvanları şöbələri, entomologiya, teriologiya, ornitologiya, ixtiologiya və hidrobiologiya sahələrində tədqiqatlar aparılırdı. Hazırda institutda 5 şöbənin tərkibində 14 laboratoriya, Mingəçevir elmi-təcrübə laboratoriyası və Zooloji muzey fəaliyyət göstərir.

Protozoologiya şöbəsinə (akademik M.Musayev, 1957; İ.Ələkbərov, 2011) Protistologiya laboratoriyası (müx.üzv. İ.Ələkbərov, 1988), Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyası (müxb.üzv Y.Yolçiyev, 1985-2007; b.e.n. E.Əhmədov, 2008) daxildir. Parazitologiya şöbəsinin tərkibində (müxb.üzv İ.Sadıqov, 2001; b.e.d. T.Mikayılov, 2008) - Helmintologiya laboratoriyası (akademik S.Əsədov, 1960 - 1974; müxb.üzv İ.Sadıqov, 1974 - 2007; müxb.üzv N.Feyzullayev, 1974 - 2001; b.e.n.Q.H.Fətəliyev, 2008), Su heyvanlarının parazitləri laboratoriyası (prof.T.Mikayılov, 1972) fəaliyyət göstərir.

Entomologiya şöbəsi (müxb.üzv N.Səmədov, 1980 - 1988; akademik S.Əliyev, 1988) – Entomologiya laboratoriyası (müxb.üzv N.Səmədov, 1960 - 1986; akademik S.Əliyev, 1987), Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları laboratoriyası (b.e.n. A.Əliyev, 1971 - 1998; b.e.d. L.Rzayeva, 1999 - 2006; b.e.d. Z.Məmmədov, 2007), Cücülərin ekologiyası və fıziologiyası laboratoriyası (prof. A.Abdinbəyova, 1971 - 2000; b.e.n. B.Əhmədov, 2001), Araxnologiya laboratoriyasından (prof. A.Hacıyev, 1968 - 1992; b.e.n. X.Əliyev, 1993) ibarətdir.
Quru onurğalı heyvanlar şöbəsində (b.e.d. İ.Raxmatulina, 1993 - 2001; prof. N.Əhmədov, 2001 - 2003; b.e.n. S.Quliyev, 2003) – Teriologiya laboratoriyası (b.e.n. X.Ələkbərov, 1970 - 1995; b.e.n. Q.Quliyev, 1995), Ornitologiya laboratoriyası (b.e.n. D.Tuayev, 1971 - 1987, b.e.n. E.Sultanov, 1987), Herpetologiya laboratoriyası (b.e.n. T.Əliyev, 1982; b.e.n. S.Əhmədov, 2006) fəaliyyət göstərir.

Su heyvanları şöbəsi (müxb.üzv Ə.Qasımov, 1962 - 2005) - Hidrobiologiya laboratoriyası (akademik A.Derjavin, 1932-1963; müxb.üzv Ə.Qasımov, 1963 - 2005; b.e.n. A.Əliyev, 2005) və İxtiologiya laboratoriyasından (müxb.üzv Y.Əbdürrəhmanov, 1962 - 1977; H.Abbasov, 1978 - 1983; b.e.d. D.Rəhimov, 1983 - 2002; b.e.n. A.Orucov, 2002 - 2004; b.e.d. Z.Quliyev, 2005) ibarətdir.

Bunlardan başqa institutda Mingəçevir elmi-təcrübə laboratoriyası (b.e.n. Ə.Nəbiyev, 1951 - 1967; b.e.d. H.Abbasov, 1968 - 1969; b.e.n. P.Məlikova, 1969 - 1974; b.e.n. Ə.Xəlilov, 1974 - 1992; b.e.n. İ.Əhmədov, 1992) və Zooloji muzey də (b.e.n. A.Xanməmmədov, 1971 - 1986; b.e.n. N.Qəndilov, 1986 - 1996, b.e.n. İ.Babayev, 1996) fəaliyyət göstərir. Zoologiya İnstitutunda 5 əsas elmi istiqamət üzrə aparılan çoxillik tədqiqatlar nəticəsində Azərbaycanın heyvanlar aləminin növ tərkibi öyrənilmiş; 2000 növdən artıq sərbəstyaşayan və parazit ibtidai, insanlarda və heyvanlarda parazitlik edən 1500 növdən çox helmint, 400 növdən artıq fitohelmint, 290 növə qədər rotatori, 360 növdən çox xərçəngkimilər, təqribən 25 min növ həşərat, 1200 növdən artıq hörümçəkkimilər, 181 növ molyusk, 101 növ balıq, 11 növ suda - quruda yaşayan, 54 növ sürünən, 370 növ quş, 113 növ məməli heyvan (o cümlədən 13 növ cücüyeyən, 33 növ yarasa, 37 növ gəmirici, 2 növ dovşankimi, 19 növ yırtıcı, 8 növ cütdırnaqlı və 1 növ kürəkayaqlı) müəyyən edilmişdir. Hal-hazırda Azərbaycanın «Qırmızı kitabı»nın II nəşrinə, nəsli kəsilməkdə və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 213 növ heyvan daxil edilmişdir. Bunların içərisində respublikamızın hidrofaunasına mənsub olan heyvanlardan 4 növ, Buğumayaqlılar (Arthrapoda) tipindən olan, Həşarat (Insecta) sinfinin Dəvədəlləklər (Mantoptera) dəstəsindən 1 növ, Torqanadlılar (Neuroptera) dəstəsindən 1 növ, Yarımsərtqanadlılar (Hemiptera) dəstəsindən 5 növ, Sərtqanadlılar (Coleoptera) dəstəsindən 16 növ, Pulcuqqanadlılar və ya kəpənəklər (Lepidoptera) dəstəsindən 53 növ, Zarqanadlılar (Hymenoptera) dəstəsindən 6 növ daxil edilmişdir. Balıqların (Pisces) 10 növü, Suda-quruda (Amphibia) yaşayanların 6 növü, Sürünənlərin (Reptilia) 14 növü, Quşlar (Aves) 61 növü, Məməlilərin (Mamalia) isə 36 növü Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Zooloqların mühüm araşdırmalarının bəhrəsi olan 3-cildlik "Azərbaycanın heyvanlar aləmi" əsəri rus (1995 - 2002) və azərbaycan dilində (2002 - 2004) nəşr olunmuşdur. İbtidailərdən tutmuş məməlilərə qədər Azərbaycan heyvanlarının növ tərkibini, genofondunu, biologiya və ekologiyasını əhatə edən məlumat bankı hazırlanıb İnternet sisteminə daxil edilmişdir.

İnstitutda aparıcı alimlər tərəfindən müxtəlif sahələr üzrə elmi məktəblər formalaşmışdır. Akademik M.Musayev tərəfindən yaradılmış Protozoologiya elmi məktəbi Azərbaycanda sərbəstyaşayan birhüceyrəlilərin, çöl və ev heyvanlarında parazitlik edən, protozoy xəstəliklərin törədicilərinin faunasının, bioloji və ekoloji xüsusiyyətlərinin, parazit-sahib münasibətlərinin formalaşması qanunauyğunluqlarının tədqiqi ilə məşğuldur. Protozooloq alimlər tərəfindən gəmiricilərin koksidi faunası öyrənilmiş və bu heyvanlardan elm üçün yeni 80 növ parazit təsvir edilmişdir. Bu növlərin mövcudluğu beynəlxalq elm aləmində dəstəklənmiş, çap olunmuş monoqrafiya və məqalələrdə öz əksini tapmış və beynəlxalq kataloqlara daxil edilmişdir (ABŞ, Macarıstan). Tədqiqatların nəticələrinə əsasən "SSRİ-də gəmiricilərin koksidiləri" monoqrafiyası nəşr edilmişdir (M.Musayev, A.Veysov, 1965). Respublikada 22 növ gəmirici heyvandan Eymeria və Isospora cinslərindən olan 125 növ koksidi tapılmışdır. Bundan əlavə, 18 növ vəhşi məməli heyvan (həşəratyeyənlər, yırtıcılar) tədqiq edilmiş və onlarda 45 növ koksidinin parazitlik etdiyi müəyyənləşdirilmişdir. 16 növ eymeriyanın həyat dövrü, 4 növün patogenlik dərəcəsi, oosistalarının dəyişkənliyi öyrənilmişdir (S.İsmayılov). Aparılan ekoloji-faunistik tədqiqatlar nəticəsində vəhşi heyvanlarda və quşlarda parazitlik edən eymeriyaların, sarkosporidilərin, kriptosporidilərin növ tərkibi, sahiblərə görə spesifıkliyi, ekoloji amillərin parazit-sahib sisteminə təsiri, invaziyaların yayılma yolları müəyyənləşdirilmişdir (b.e.d. H.Qaibova, b.e.n. F.Əliyeva, b.e.n. Ş.Manafova, b.e.n. M.Məmmədova).Kənd təsərrüfatı heyvanları və insanların toksoplazmozları arasındakı əlaqə (b.e.n. E.Köçərli), ev heyvanları və quşların (b.e.n. N.Zeyniyev), sürünənlərin, balıqların və suda-quruda yaşayanların qan parazitləri (b.e.n. M.Əliyev, b.e.n. M.Hüseynov), balıqlarda parazitlik edən ibtidailər (b.e.n. N.Qəndilov) və b. problemlər geniş tədqiq olunmuşdur.

Kənd təsərrüfatı heyvanlarının və quşların eymeriozlarının diaqnostikası, profılaktikası və aradan qaldırılması üzrə 30-a qədər praktiki tədbir və təlimat hazırlanaraq fundamental tədqiqatların praktiki nəticələri kimi tədbiq üçün istehsalata təqdim olunmuşdur.“Parazit - sahib”münasibətlərinin biokimyəvi, sitokimyəvi və immunoloji əsaslarını öyrənən yeni bir elmi istiqaməti yaradılmışdır (akademik M.Musayev, müx.üzv Y.Yolçiyev). Sitoloji tədqiqatlarla eymeriya, sarkosistis və kriptosporidium cinslərindən olan parazitlərin inkişaf mərhələlərində və bu parazitlərlə yoluxmuş sahib heyvanların (gəmiricilər, it, pişik, inək, qoyun, camış, toyuqkimilər) hüceyrələrində zülallar, polisaxaridlər, DNT, RNT, Krebs tsiklinin fermentləri öyrənilmiş, parazit-sahib sistemində hüceyrə səviyyəsində gedən metabolik proseslər araşdırılmışdır (b.e.d. H.Qaibova).Eymeriya və sarkosistis cinslərinə aid parazitlərlə onların sahibləri olan ev toyuqlarında, qoyunlarda, camışlarda maddələr mübadiləsinin bir çox komponentləri müqayisəli şəkildə geniş tədqiq edilmişdir. Eymeriyalarla yoluxdurulmuş ev toyuqlarınınmüxtəlif toxumalarında hüceyrə və molekulyar səviyyədə eymeriozlar və sarkosporidiozlar zamanı əksər daxili orqanlarda, parazitlərin sista və oosistalarında, lipidlər, zülallar, aminturşular, oksidləşmə-reduksiya fermentləri, aminotransferazlar, Krebs tsiklində iştirak edən komponentlər, dezoksiribonukleaza, DNT, RNT (Y.Yolçiyev, G.İbrahimova, A.Surkova, E.Əhmədov, F.Əliyeva), limfoid orqanlarda T- və B-limfositlər (R.Mədətov) və antieymerioz preparatların onlara təsiri öyrənilmişdir. Bu tədqiqatlar nəticəsində göstərilən invaziyalar zamanı maddələr mübadiləsinin pozulmasnın bəzi mexanizmləri molekulyar səviyyədə nəzəri cəhətdən əsaslandırılmış, biokimyəvi və immunoloji göstəricilərə görə parazit-sahib sisteminin oxşar və fərqli cəhətləri aydınlaşdırılmış, eymeriyaların oosistalarının təmiz kulturasının alınması, antieymerioz preparatların effektivliyinin qiymətləndirilməsi metodları işlənib hazırlanmış, maddələr mübadiləsinin tənzimlənməsində aminli turşuların və onların alkil törəmələrinin əhəmiyyəti müəyyənləşdirilmişdir (Y.Yolçiyev). Alınmış nəticələrin əsas elmi və praktiki müddəaları "Ev quşlarının koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri" (M.Musayev, Y.Yolçiyev, A.Surkova, G.İbrahimova, 1977) və"Azərbaycanda ev quşlarının parazitləri və onlara qarşı mübarizənin elmi əsasları" (M.Musayev, Y.Yolçiyev) monoqrafiyalarında öz əksini tapmışdır.
Akademik M.Musayevin protozoologiya məktəbində parazit birhüceyrəlilərlə yanaşı, sərbəstyaşayan ibtidailərin öyrənilməsi sahəsində də geniş tədqiqat işləri aparılmışdır. Azərbaycanın Şirvan düzünün boz torpaqlarında - 51, Qarabağ bölgəsinin şabalıdı və dağ-meşə torpaqlarında - 67, respublikanın rütubətli Lənkəran subtropik bölgəsində bitkilərin rizosferasında - 91, Abşeron yarımadasının üzüm tənəkləri yetişdirilən boz-qonur torpaqlarında - 79 növ ibtidai heyvan qeydə alınmış, onların yayılmasının biotik və abiotik amillərdən asılılığı müəyyənləşdirilmişdir (T.Əmiraslanova, R.İbadov, N.Mirzəzadə). Xəzər dənizində, Azərbaycanın şirin sularında, torpaqda 900-ə qədər birhüceyrəli heyvanın yaşadığı müəyyən edilmişdir. Xəzər dənizində tapılan 450 növdən çox infuzorlardan 1 cins və 22 növü elm üçün ilk dəfə professor F.Ağamalıyev tərəfındən təsvir edilmişdir. Çaylarda, göllərdə və axmazlarda qeydə alınan 600-dən artıq sərbəstyaşayan kirpikli infuzorların 35-i elm üçün yenidir (A.Əliyev). 5 fəsilə, 19 cins və 145 növ infuzor və çanaqlı amöb elm üçün ilk dəfə təsvir olunmuşdur (İ.Ələkbərov, N.Sneqovaya). Sərbəstyaşayan ibtidailərin növ tərkibi ilə yanaşı, onların ekologiyası, yayılma qanunauyğunluqları, növ və say dinamikasına təsir edən amillər öyrənilmiş, neft və neft məhsulları, ağır metallar, insektisidlər və s. vasitələrlə çirklənmənin qiymətləndirilməsində ibtidailərdən bioindikator kimi istifadə edilmə üsulları hazırlanmışdır (İ.Ələkbərov, E.Əsədullayeva, N.Əhmədova). Azərbaycanda ev, vəhşi heyvan və quşların helmint faunası və siste¬ma¬tikasının öyrənilməsinə XX əsrin 30-cu illərindən başlanmış və respublikamızda helmintologiya məktəbi formalaşmışdır (akademik S.Əsədov, prof. H.Qasımov). Bu sahə inkişaf etdikcə, onun yeni istiqamətləri – zooloji helmintologiya (akademik S.Əsədov, müxbir üzv İ.Sadıqov), baytarlıq helmintologiyası (akademik Y.Hacıyev), su heyvanlarının parazitləri (prof. T.Mikayılov), helmintlərin biologiya və sistematikası (müxb.üzv N.Feyzullayev) yaranmışdır. Şirin su hövzələrinin balıqlarında 300-dən artıq qurdun parazitlik etdiyi müəyyənləşdirilmiş, elm üçün yeni 2 cins və 25 növ təsvir edilmişdir. Xəzər dənizi balıqlarında müxtəlif təsnifat qruplarına aid olan 371 növ parazitin yayıldığı müəyyənləşdirilmişdir ki, onlardan da 3-ü elm üçün ilk dəfə təsvir olunmuşdur (T.Mikayılov). Su heyvanlarının əsas parazitlərinin morfologiyası, sistematikası, biologiyası öyrənilmiş, bəzi heyvanların parazit faunasının xarici mühit amillərindən, ekoloji dəyişikliklərdən, sahib orqanizmin fızioloji vəziyyətindən asılılığı, parazitlərin əsas və aralıq sahiblərlə trofik, topik və başqa əlaqələri, onların patoloji təsiri müəyyənləşdirilmişdir (T.Mikayılov, Ş.İbrahimov). Xəzər dənizi, Kür çayı, Mingəçevir dəryaçası, kiçik çay və göllərdə, yeni yaradılmış Şəmkir və Yenikənd su hövzələrində balıqların parazit faunasının formalaşma xüsusiyyətləri müəyyənləşdirilmiş, respublikanın su hövzələrində iqlimləşdirilmiş balıqların parazit faunasının ekoloji-zoocoğrafi analizi aparılmış və formalaşması, nəzəri cəhətdən əsaslandırılmışdır. Antihelmintoz preparatların balıq parazitlərinin ultrastrukturuna və metabolizminə təsiri öyrənilmiş (Ə.Nəsirov), daha təhlükəli parazitlərə qarşı profılaktik tədbirlər hazırlanıb tədbiq üçün təsərrüfatlara verilmişdir.

Azərbaycanda yaşayan ev və vəhşi quşların helmintləri, onların təbii zonalar və şaquli qurşaqlar üzrə yayılması, helmint faunasının quşların həyat tərzindən, miqrasiyasından, qidasından, ilin fəsillərindən, zoocoğrafı amillərdən asılılığı ətraflı öyrənilmiş (H.Qasımov, 1956; S.Vahidova, 1978), elm üçün yeni 1 fəsilə, 2 cins və 13 növ təsvir edilmiş, 10 növün həyat dövrü, 5 növün isə xromosom dəsti dəqiqləşdirilmişdir (Cyclocoelaidea fəsiləsinin trematodları, N.Feyzullayev, 1980). Helmintlərin bəzi taksonları təftiş edilmiş, yaşayış şəraitindən asılı olaraq parazitlərin divergensiyası, "əkiz növlərin", trematodlarda diri bala doğmanın yaranma səbəbləri, açıq və örtülü bədən boşluqlarında yaşayan helmintlərdə cinsi məhsulların xaricolma yolları, parazitlər arasında antoqonizm araşdırılmış, parazitizmin forması olan yeni anlayış - "mezoparazitizm" əsaslandırılmışdır (N.Feyzullayev, O.Feyzullayeva). Bitkilərdə parazitlik edən 400-dən çox nematod müəyyənləşdirilmişdir ki, onlardan 95 növü patogen olmaqla bitkiçiliyə ciddi zərər vurur (Q.Qasımova, Y.Atakişiyeva).

Məməlilərin helmintofaunası, helmintlərin yayılmasının ekoloji landşaft zonalardan asılılığı, təbii ocaqlılığı, dikroselioz, fassiolyoz, telyasiozun törədiciləri və onların aralıq sahiblərinin biologiyası "SSRİ-də gövşəyən heyvanların helmintofaunası və onun ekoloji-helmintoloji analizi" (S.Əsədov, 1960); "Azərbaycanın Abşeron-Qobustan yarımsəhra və Böyük Qafqaz zonaları qoyunlarının helmintozları" (Y.Məlikov, 1996); "Azərbaycanda xəzdərili heyvanların helmintofaunası" (İ.Sadıqov, 1981), yarasaların, həşəratyeyənlərin parazitofaunası öyrənilmiş, exinokokkozun, alveokokkozun, trixinelyozun və bir sıra insan və ev heyvanları helmintozlarının təbii ocaqlılığı aşkar edilmiş, elm üçün yeni 22 növ helmint təsvir olunmuşdur (S.Əsədov, İ.Sadıqov). Azərbaycanın müxtəlif ekoloji zonalarında 14 növ vəhşi və ev gövşəyənlərinin, 17 növ yırtıcının, 16 növ gəmiricinin, 2 növ dovşankiminin, 10 növ yarasanın, it, pişik və donuzların helmintofaunası, bir sıra helmintoz törədicilərinin biologiyası, ekologiyası, aralıq sahibləri, helmintozların yayılma yolları, xarici mühit amillərinin parazitlərin yetkin və sürfə mərhələlərinə təsiri öyrənilmişdir. Akaroloji tədqiqatlarla ev heyvanlarında, gəmiricilərdə, quşlarda, yarasalarda, sürünənlərdə parazitlik edən iksodid, qamazid, qırmızıbədən gənələr, kənd təsərrüfatı bitkilərinin zərərvericiləri - tetranixid gənələr (69 növ), taxıl məhsullarının zərərvericiləri - akaroid gənələr (47 növ), heyvanların ektoparazit faunası (90 növ), faydalı gənələr - fitoseidlər öyrənilmişdir (prof. A.Hacıyev). Respublikanın akaroid faunasının 1100 növdən ibarət olduğu müəyyənləşdirilmişdir. Bunlardan 46 növü elm üçün ilk dəfəalimlərimiz tərəfindən təsvir edilmişdir. Azərbaycanda müxtəlif qruplara mənsub 1937 növ qeydə alınmışdır. Bunlardan 24 növ yalançı əqrəb, 73 növ hörümçəkkimilər, 6 cins və 25 növ otbiçənlər, 10 növ gənələr və 20 növ akariform gənələr elm üçün ilk dəfə təsvir edilmişdir (A.Hacıyev, L.Mulyarskaya, Z.Mustafayeva, S.Daşdəmirov, E.Əliyev, E.Abbasova, V.Zapletina, O.Aslanov, N.Sneqovaya, E.Abdul-layeva). Tədqiqatların əsas nəticələri bir çox elmi əsərlərdə və monoqrafiyalarda əks olunmuşdur (“Qafqazın qamazid gənələri”, 1983; “Azərbaycanda onurğalı heyvanların ektoparazitləri və qansoranları”, 1988, A.Hacıyev). Entomoloji tədqiqatlar nəticəsində Azərbaycan ərazisində 28 dəstəyə mənsub 25 minə yaxın həşərat növü qeydə alınmışdır. Onlardan 120-si elm üçün ilk dəfə təsvir edilmişdir (A.Abdinbəyova, A.Əliyev, N.Mirzəyeva, X.Əliyev, A.Atakişiyeva və s.). Həşəratların fauna və ekologiyasına həsr olunmuş 30-dan çox kitab, elmi-kütləvi əsər və monoqrafiya yazılmışdır (“Azərbaycanın kənd təsərrüfatı bitkilərinə zərər verən böcəklərin fauna və biologiyası”, N.Səmədov, 1963; “Zaqafqaziyanın qansoran nəmişlik milçəkləri”, Ş.Cəfərov, 1964; “Azərbaycanın Lənkəran zonasının düzqanadlıları”, Ə.Haqverdiyev, 1967; “Azərbaycanın brakonidləri”, A.Abdinbəyova, 1975; “Azərbaycanın yarımsərtqanadlıları”, C.Hidayətov, 1982; “Azərbaycanın sovkaları”, S.Əliyev, 1984; “Azərbaycanın yarpaqyeyən böcəkləri”, N.Mirzə¬yeva, 1988; “Azərbaycanın zarqanadlı cücüləri”, A.Abdinbəyova, 1995; “Azərbaycanın ixnevmonidləri”, A.Əliyev, 1997; “Azərbaycanın xalsidləri”, L.Rzayeva, 2002; “Azərbaycanda meyvə bitkilərinə zərərverən pulcuq¬qanadlıların parazitləri və onlardan bitki mühafizəsində bioloji mübarizədə istifadə olunma yolları”, Z.Məmmədov, 2004).Torpaqda yaşayan onurğasız heyvanların (cücü və digər onurğasızlar) (N.Səmədov, L.Bababəyova, Z.Rəsulova), kənd təsərrüfatı bitkilərinin kompleks zərərvericilərinin növ tərkibi, başlıca növlərin bioekoloji xüsusiyyətləri öyrənilmişdir.

Bioloji mübarizədə istifadə məqsədilə 2500-ə yaxın faydalı həşərat aşkar edilmiş, perspektiv növlərin bioekoloji xüsusiyyətləri, parazit-sahib münasibətləri, sahibi yoluxdurma dərəcəsi araşdırılmış, pambıqsovkasına qarşı Bracon hebetor parazitinin laboratoriya şəraitində texnoloji çoxaldılması (b.e.n A.Əliyev, b.e.n. H.Qurbanov, b.e.n. G.Quliyev), alma güvəsinə qarşı mübarizədə Ageniaspis parazitinin və tək ipəksarıyana qarşı suntomis və kolosoma yırtıcı həşəratların arealdaxili köçürülməsi tətbiq olunmuşdur (b.e.d. Z.Məmmədov). İki növ qızılgözün sorucu zərərvericilərə qarşı istifadə edilməsi üçün kütləvi surətdə çoxaldılmasının elmi əsasları hazırlanmışdır (b.e.n. H.Qurbanov).

Su heyvanları şöbəsində geniş hidrobioloji və ixtioloji tədqiqatlar həyata keçirilmişdir. Böyük və Kiçik Qafqazın su tutarlarının, Hacıqabul gölünün plankton və bentik onurğasız heyvanları (Ə.Əlizadə), Xəzər dənizi və Kür çayında yaşayan balıqların bioloji xüsusiyyətləri, morfologiyası, ekologiyası və ehtiyatları hərtərəfli tədqiq edilmiş (A.Derjavin, Y.Əbdürrəhmanov, Z.Quliyev, H.Abbasov, D.Rəhimov), Xəzər qızıl balıqlarının artırılması metodları hazırlanmışdır.
Azərbaycanın şirinsu hövzələrində və Xəzərdə yaşayan balıqların biologiyası, ekologiya və onların su hövzələri üzrə yayılması öyrənilmiş, balıq ehtiyatlarının artırılması sahəsində əməli təkliflər hazırlanmışdır (Z.Quliyev, Ş.Bağırova, A.Ağayarova, X.Əsgərova). Xəzər dənizində və Azərbaycanın şirinsu hövzələrində, göllərində onurğasız heyvanlar (Dəniz faunası üzrə: Ə.Qasımov, F.Ağamalıyev, R.Bağırov, Ə.Əliyev, F.Bədəlov, H.Babayev, V.Həsənov, Ə.Cəlilov, G.Mirzəyev; Şirinsu faunası üzrə: A.Əliyev, N.Lixodeyeva, N.Talıbov, R.Səfərov, R.Əliyev, S.Əliyev və b.) və balıq faunası öyrənilmiş 40 monoqrafiya, kitab, o cümlədən “Рыбы пресных вод Азербайджана“ Ю.Абдурахманов, 1962 (Azərbaycanın şirinsu balıqları); “Гидрофауна Нижней Куры и Мингечаурского водохранилища“ А.Касымов, 1965 (Aşağı Kürün və Mingəçevir su anbarının hidrofaunası); “Пресноводная фауна Кавказа” А.Касымов, 1972 (Qafqazın şirinsu faunası), “Биология современного Каспия” А.Касымов, Р.Багиров, 1983 (Müasir Xəzərin biologiyası), “Биоразнообразия: Нефть и биологические ресурсы Каспийского моря” А.Касымов, Ф.Аскеров, 2001 (Biomüxtəliflik: Neft və Xəzərin bioloji resursları), «Экология планктона Каспийского моря» А.Касымов, 2004 (Xəzər planktonunun ekologiyası), “Şəmkir su anbarının biologiyası; A.Əliyev və b., 1997, “Kürətrafı göllərin biologiyası”, A.Əliyev və b., 2001, “Kür silsilə su anbarlarının biologiyası”, A.Əliyev və Ş.Bağırova, 2010, “Hidrobiologiya” dərsliyi, F.Ağamalıyev, A.Əliyev və b., 2010, “Azərbaycanın daxili su hövzələrinin bioloji ehtiyatları, onların artırılması və səmərəli istifadə olunması yollarına dair Bioloji tövsiyyələr”, Z.Quliyev, A.Əliyev, 2011 və s. kitabları yazılmışdır. Mingəçevir və Varvara su anbarlarının bentik faunası (Ə.Xəlilov) və zooplanktonu (İ.Əhmədov) tədqiq olunmuş, Azərbaycanın göllərində və su anbarlarında balıq ehtiyatlarının artırılması və ovlanması üzrə hazırlanmış təkliflər, müvafıq təşkilatlar tərəfindən qəbul olunaraq həyata keçirilir.

Kompleks ornitoloji tədqiqatlarla Azərbaycan ərazisində quşların növ tərkibi müəyyənləşdirilmiş, sayı, ekosistemlərdə paylanması, biologiyası, ekologiyası, etiologiyası, biosenozlarda rolu araşdırılmışdır (D.Tuayev). Respublika ornitoloqlarının səyi ilə ornitofaunanın əsasını təşkil edən oturaq, yuvalayan, qışlayan və köçəri quşların zoocoğrafıyası, mövsümü və sutkalıq fəallığı, toplanma yerləri, biotik əlaqələri, təsərrüfat, ov və sənaye əhəmiyyəti, ornitokomplekslərin oxşar və fərqli cəhətləri araşdırılmış, toyuqkimi quşların köçürülmə üsulları və süni şəraitdə çoxaldılma texnologiyası işlənmiş, quşların və onların yaşayış yerlərinin qorunmasına aid tədbirlər hazırlanmışdır (İ.Babayev, A.Musayev, R.Hüseynov və b.). Ornitoloji tədqiqatların bəzi nəticələri “Azərbaycanın toyuqkimiləri” (A.Xanməm¬mədov, 1971) monoqrafiyasında və “Azərbaycan quşlarının kataloqu”nda (D.Tuayev, 1997) verilir.
Nadir və nəsli kəsilməkdə olan quşların akustik siqnal sistemi (E.Sultanov) və akustik stimulyasiya yolları öyrənilmişdir, “Biostimulyator” cihazları quraşdırılmış və quşçuluqda tədbiq edilmişdir (A.Musayev).

Çöl donuzunun öyrənilməsi üzrə işlər aparılmış, onun ovunun tənzimlənməsinə aid tövsiyyələr hazırlanmış, xəzdərili heyvanlar və yırtıcılar tədqiq edilmiş, saylarının tənzimlənməsi vənəsli kəsilmək təhlükəsi olanların qorunma tədbirləri hazırlanmış, kənd və meşə təsərrüfatına, ümumiyyətlə bitkiçiliyə ciddi zərər vuran, insanlar və heyvanlar üçün təhlükəli olan transmissiv xəstəliklərin keçiriciləri - gəmiricilərin ekologiyası, morfologiyası, yayılması və say dinamikası öyrənilmiş, onlara qarşı kompleks mübarizə tədbirləri hazırlanmışdır (“Cənubi-Qərbi Azərbaycanın məməliləri”, X.Ələkbərov, 1966). Yarasaların respublikada yayılma qanunauyğunluqları, landşaftlarda sıxlığı, demoqrafıyası, miqrasiyası, ekologiyası və biosenozlarda əhəmiyyəti araşdırılmışdır (İ.Rəhmətulina). Azərbaycan və həmsərhəd ərazilərdə nadir və nəsli kəsilmək təhlükəsi olan cütdırnaqlılar (cüyür, ceyran, köpgər, əlik, muflon, bezoar və qaya keçiləri), yırtıcılar (bəbir, vaşaq) hərtərəfli öyrənilmişdir (S.Quliyev). Respublika zooloqlarının tədqiqatlarına əsasən bu və digər heyvanların qorunması üçün dövlət qoruqları və yasaqlıqları yaradılmışdır (S.Quliyev).

Zoologiya institutunda ev və vəhşi heyvanların embriologiyası, sitogenetikası və morfologiyasına həsr olunmuş geniş tədqiqat işləri aparılmışdır (N.Əh¬mədov, Q.Quliyev, B.Əliyev, A.İsmayılov, M.Nəcəfov, A.Kərimova, V.Süleymanov, C.Nəcəfov). Karioloji və sitogenetik metodlarla məməlilərin bir çox növlərinin (cütdırnaqlıların, yarasaların, gəmiricilərin) kariotipi öyrənilmiş (M.Fəttayev, T.Məmmədov), gəmiricilərin üç böyük qrupunda xromosom dəstlərinin, heteroxromatin bloklarının və tandem translokasiyalarının öyrənilməsi əsasında bəzi növlərin statusu, təkamül dəyişkənlikləri müəyyənləşdirilmişdir (Q.Quliyev, N.Qası¬mova, E.Məmmədrzayeva). Respublikada suda - quruda yaşayanların və sürünənlərin növ tərkibi dəqiqləşdirilmiş, əsas yayılma yerləri, biologiya və ekologiyasının bir çox parametrləri araşdırılmış, zəhərli ilanların təbii ehtiyatları müəyyən edilmiş (T.Əliyev, S.Əhmədov), gürzənin zəhərinin kimyəvi tərkibi və farmakoloji xüsusiyyətləri öyrənilmiş (Ş.Topçiyeva), gürzə yumurtalarınınsüni şəraitdə inkubasiyasına imkan verən inkubator yaradılmışdır (T.İsgəndərov).

Zoologiya İnstitutunun laboratoriyalarının kolleksiya fondunda 700 növ parazit və sərbəstyaşayan ibtidailərin preparatları, insanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən 1400 növ helmintin, 3109 növ su onurğasızlarının, 20000-dən çox quru onurğasız növünün 1 milyona qədər nümunələri, 43 növ balıq, 13 növ amfibi, 40 növ reptili, 382 növ quş, 84 növ məməli heyvanın müqəvvaları, fiksə edilmiş eksponatları, orqanları, skeletləri və s. nümunələr toplanmışdır. Bununla yanaşı kolleksiya fondlarında keçmiş SSRİ və dünyanın başqa ölkələrinin heyvanlarının da nümunələri saxlanılır. Kolleksiya materialları Azərbaycanın heyvanlar aləminin biomüxtəliflik fondu kimi qorunub saxlanılır, zənginləşdirilir, onların üzərində müqayisəli morfoloji, taksonomik tədqiqatlar aparılır. Zooloji muzeydə (1971) 450 növ onurğasız, 625 növ onurğalı heyvanın 1890 ədəd müqəvvası, skeleti, yaş və quru preparatı saxlanılır. Hər il muzeyə 5-6 mindən artıq yerli əhali və xarici qonaq gəlir. Heyvanların təbiətdə və insanların həyatında əhəmiyyəti təbliğ edilir, müqayisəli morfoloji tədqiqatların aparılması haqda məlumatlar verilir.

Hazırda Zoologiya İnstitutunda 1 akademik (S.Əliyev), 1 müxbir üzvü (İ.Ələkbərov), 11 elmlər doktoru və 73 elmlər namizədi işləyir. Azərbaycan zooloqlarının heyvanlar aləminin fauna, biologiya, ekologiya, sistematika, təsərrüfat əhəmiyyəti, qorunması, çoxaldılma texnologiyası, parazitar xəstəliklərin öyrənilməsinə həsr edilmiş zooloji, tibb və baytarlıq əhəmiyyəti kəsb edən 160-dan çox monoqrafıya, kitab və toplusu nəşr edilmişdir. Zoologiya İnstitutunun alimləri Rusiya EA Zoologiya, Sitologiya, Ekologiya və Təkamül Problemləri, Dağ ərazilərinin Ekologiyası, Fransanın Jozef Fauriyer Universiteti, ABŞ-ın Texas və Kaliforniya Universitetləri, Finlandiyanın Turku Universiteti, Türkiyənin Orta Doğu Texniki Universiteti, Almaniyanın Drezden Muzeyi, Gürcüstanın Zoologiya İnstitutu ilə əməkdaşlıq edir, 20-dən çox beynəlxalq qrantlar hesabına müştərək tədqiqatlar yerinə yetirilmişdir. Respublikadaxili Əlaqələndirmə Problem Şurası elmi-tədqiqatların aparılmasında geniş fəaliyyət göstərmişdir.İnstitutun perspektiv planında heyvanlar aləminin bioloji müxtəlifliyinin araşdırılması, zəif tədqiq edilmiş heyvan qruplarının öyrənilməsi, bəzi şübhəli cins və növlərin sistematika və taksonomiyasının dəqiqləşdirilməsi, təsərrüfat əhəmiyyətli nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin biologiya və ekologiyasının tam araşdırılması; bioloji və iqtisadi cəhətdən faydalı heyvanların çoxalma texnologiyasınm hazırlanması və digər qarşıya qoyulan problemlərlə bağlı istehsalata tətbiq etmək üçün təkliflərin hazırlanması nəzərdə tutulur.

: 1639


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.