XƏBƏRLƏR
288 Arxiv

2018.07.09

AMEA Qadınlar Şurasının ilk iclası keçirilib

İyulun 6-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Qadınlar Şurasının ilk iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, AMEA Qadınlar Şurası Elmi problemlər üzrə bölmənin rəhbəri və koordinatoru, fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadıyeva, AMEA Qadınlar Şurasının Mənəviyyat və elm bölməsinin rəhbəri, fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayeva, akademiyanın nəzdindəki bütün institutların Qadınlar şuralarının sədrləri və digər dəvət olunmuş qonaqlar iştirak  ediblər.

İclası giriş sözü ilə akademik İradə Hüseynova açaraq AMEA Qadınlar Şurasının ilk yığıncağının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Rəhbərlik etdiyi müəssisədə aparılan tədqiqatlar barədə ətraflı məlumat verən alim institut əməkdaşlarının 70 faizinin qadınlardan ibarət olduğunu diqqətə çatdırıb.

Sonra İradə Hüseynova bugünkü tədbirin məramı, AMEA Qadınlar Şurasının yaradılmasının əhəmiyyəti və ümumilikdə, Azərbaycan qadınının cəmiyyətdəki fəal rolu haqqında fikirlərini bildirib.

Tədbirdə çıxış edən fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadıyeva cari il mayın 2-də AMEA-da yaradılan Qadınlar Şurasının gələcək fəaliyyətin təşkili barədə

məlumat verib. O, professor Rəna Mirzəzadənin bu şuraya sədr seçilməsinin qurumun uğurlu fəaliyyəti üçün zəmin olacağına əminliyini ifadə edib.

Daha sonra AMEA Qadınlar Şurasının sədri R.Mirzəzadə çıxış edərək akademiklər Nərgiz Paşayeva və İradə Hüseynovanın cari il keçirilən AMEA-nın ümumi yığıncağında Akademiyanın yeni vitse-prezidentləri seçilmələrini qadınlar üçün böyük stimul olduğunu qeyd edib.

11 fevral 2015-ci ildə BMT-nin qərarı ilə “Qadınlar və qızlar elmdə” beynəlxalq gününün təsis edildiyini diqqətə çatdıran alim bununla bağlı ölkəmizdə də müxtəlif tədbirlərin keçiriləcəyini qeyd edib. O, akademiyanın institutlarında yaradılan Qadınlar şuralarının üzvlərini bu tədbirlərdə fəal iştirak etməyə çağırıb.

R.Mirzəzadə, həmçinin BMT Baş Assambleyasının qərarı ilə elan edilmiş 11 oktyabr - Beynəlxalq Qızlar Gününün AMEA-da qeyd edilməsi təklifini irəli sürüb. Alim AMEA-nın qadın əməkdaşlarının elmi fəaliyyətləri barədə tədqiqatların aparılmasını və bu məlumatların çap olunmasının zəruriliyini qeyd edib.

İclasda fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayeva, Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, professor Həqiqət Cavadova, Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və digərləri ölkənin tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, elmi uğurları, bütövlükdə elmdə gender bərabərliyi, Azərbaycanda bu sahədəki vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıblar. Çıxış edənlər AMEA-da yeni yaradılan Qadınlar Şurasının fəaliyyətinə uğurlar arzulayıblar.

Sonda Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva çıxış edərək, III Elm Festivalı barədə məlumat verib və şuranın üzvlərini bu festivalda fəal iştirak etməyə dəvət edib.

http://science.gov.az/news/open/8372