XƏBƏRLƏR
910 Arxiv

2023.10.18

Zoologiya İnstitutunun Elmi şurasında növbəti hesabatlar dinlənilib

18 oktyabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazov müstəqilliyin bərpası günü ilə bağlı söhbət açıb. O bildirib ki, Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

İclasın əvvəlində institutun laboratoriyalarının illik hesabatları dinlənilib. Belə ki, Tətbiqi Zoologiya Mərkəzinin illik hesabatı haqqında b.ü.f.d., dos. Barat Əhmədov, Hidrobiologiya laboratoriyasının illik hesabatı haqqında b.ü.f.d. Süleyman Süleymanov, Təhsil şöbəsinin illik hesabatları haqqında isə b.ü.f.d Şəfa Xasayeva məruzələrlə çıxış edib. Məruzəçilər cari ildə laboratoriya fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra il ərzində laboratoriya əməkdaşlarının həyata keçirdiyi elmi tədqiqatlar, onların əsas nəticələri haqqında məlumat verilib.

Daha sonra elmi katib,  b.ü.f.d., dosent Sara Əliyeva  b.ü.f.d. Lalə Rəhimliyə 2413.01- “Entomologiya” ixtisasında dosent elmi adı verilməsi haqqında məruzə ilə çıxış edilib.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib, videorolik göstərilib.