XƏBƏRLƏR
581 Arxiv

2023.08.02

Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizində ekspedisiyada olub

18.07-29.07.2023-cü il tarixlərində, ARETN Zoologiya İnstitutunun “Hidrobiologiya” laboratoriyasının müdiri vəzifəsini icra edən, b.ü.f.d., dos. Süleyman Süleymanov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə Xəzər Dənizinin Azərbaycan sektorunda çirklənmənin Xəzər dənizinə və ətraf mühitə təsirinin müəyyənləşdirilməsi, nərə cinsli və digər növdən olan balıqların vəziyyətinin və su mühitinin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə kompleks ekoloji monitorinq ekspedisiyasında iştirak edib.
Ekspedisiya zamanı 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanılıb. Tədqiqat nəticəsində son illərdə Xəzər dənizi səviyyəsinin aşağı düşməsi, istiliyin normadan artıq olması, çirklənmənin güclənməsi, balıq ovuna nəzarətin son dərəcə zəif aparılması ilə əlaqədar olaraq Xəzərdə yaşayan kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq Orta və Cənubi Xəzərdə Mnemiopsis leidyi daraqlısının sayının azalması və ölçüsünün kiçilməsi hallarıda müşahidə edilib. 2022-ci ildə monitorinq işi zamanı ilk dəfə olaraq Qızılağac akvatoriyasında rast gəlinmiş Beroe ovata daraqlısının isə 2023-cü ildə sayının və ölçüsünün artması müşahidə edilib.