2023.03.27
Zooloq alim “İstinadda rekord” diplomu ilə təltif olunub
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun, baş elmi işçisi biologiya elmləri doktoru, dosent Natalya Sneqovaya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “İstinadda rekord” diplomuna layiq görülüb.
Alimə diplom AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən 27 Mart – Elm Gününə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbirdə təqdim olunub.
N.Sneqovaya elmi əsərlərinə istinadla fərqləndiyinə görə təltif edilib.
Zooloq alim N.Sneqovaya elm üçün ilk dəfə olaraq Azərbaycanın şirin sularında çanaqlı amöblərin (Protozoa, Testacea) 2 fəsiləsi, 6 cinsi və 33 növü, otbiçənlərin (Arachnida, Opiliones) 6 cinsi və 40 növü, iynəcələrin (Insecta, Odonata) 2 növünü təsvir etmiş, Qafqazda ilk dəfə olaraq müxtəlif biotoplarda otbiçənlərin birliklərinin strukturunun ekoloji tədqiqini aparmışdır. Onun ümumilikdə 122 elmi əsəri çap olunub. Onlardan 103-ü xaricdə, 90-ı Web of Science” və “Scopus” elmi bazalarına daxil olan yüksək indeksli jurnallarda çap edilib. “ResearchGate” və "Google Scholar Citations" qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, N.Sneqovayanin tədqiqat sahəsi üzrə elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olub
və onlara 641 istinad edilib, h-indexi 15-dir.